Nağıllar, hekayələr

Viktor Draqunski. Toyuq şorbası

Anam mağazadan göy rəngdə, uzun ayaqları olan iri toyuq alıb evə gətirdi. Toyuğun başında böyük, qırmızı pipiyi vardı. 
 
Ana onu pəncərənin qarşısından asıb dedi:
 
- Atan evə tez gəlsə, deyərsən bunu bişirər. 
 
- Yaxşı! – cavab olaraq anama dedim.
 
Anam işə getdi, mən isə rəngli akvarellərimi çıxarıb rəsm çəkməyə başladım. İlk öncə, meşədəki ağacların arasından tullanan bir Sincab çəkmək istədim. Əvvəlcə məndə yaxşı alınırdı, sonra baxdım ki, bu heç də sincaba deyil, Moydadıra oxşayır. Sincabın quyruğu onun burnu, ağacdakı budaqlar isə saçları, qulağı və papağı kimi görünürdü. Bunun necə ola biləcəyinə çox təəccübləndim və atam gələndə soruşdum:
 
- Ata, səncə, nə çəkmişəm?
 
Atam rəsmə baxdı, bir qədər fikrə gedib dedi:
 
- Yanğın?
 
- Nə danışırsan, ata? Yaxşı bax!
 
Bu səfər atam daha diqqətlə baxıb dedi:
 
- Üzr istəyirəm, bu yəqin futboldur ...
 
Mən dedim:
 
- Bugün çox diqqətsizsən! Yəgin yorğunsan!?
 
- Yox, sadəcə yemək istəyirəm. Nahar üçün nə olduğunu bilirsən? -deyə atam soruşdu.
 
- Bax, pəncərənin qarşısında bir toyuq asılıb. Bişir, yeyək! - deyə atama cavab verdim.
 
Ata toyuğu pəncərədən çıxarıb masaya qoydu.
 
- Bişir demək asandır! Amma bişirmək olar! Lakin, sual burasındadır  ki, onu hansı formada yeməliyik? Toyuqdan ən azı yüz cür dadlı yemək hazırlamaq olar. Məsələn, sadə toyuq kotletləri hazırlamaq olar və ya üzümlü toyuq şnitzeli hazırlamaq olar! Bu haqda oxumuşam! Çubuq üzərində "Kiyevski" adlanan kotlet etmək olar – dadından barmaqlarını yalayarsan. Toyuq əriştə ilə bişirilə bilər, ya da ütü ilə basıb, sonra üzərinə sarımsaq töküb, Gürcüstanda olduğu kimi "toyuq tabakası" bişirmək mümkündür. Birdə ...
 
Amma mən onun sözünü kəsib dedim:
 
- Sən, ata, ütü olmadan sadə bir şey bişir. Ən tez hazırlanan olsun!
 
Atam mənimlə razılaşdı:
 
- Düzdü, oğlum! Bizim üçün nə vacibdir? Tez yemək! Daha tez nə bişirmək olar? Cavab sadə və aydındır: Şorba!
 
Atam hətta əllərini ovuşdurdu.
 
Mən isə soruşdum:
 
- Şorbanı necə bişirəcəyini bilirsən?
 
Ancaq atam sadəcə güldü, onun gözləri parıldamağa başladı.
 
- Burda bacara biləcək nə var ki? Şorba buxarda bişmiş turpdan daha sadədir: Suya qoy və bişməsini gözlə, bütün hikmət burdadır! Həll edildi! Şorba bişiririk və nahar üçün iki dadlı yeməyimiz olacaq: birincisi - çörəkli şorba, ikincisi - qaynadılmış, isti, buxarlanan toyuq əti. Belə, balaca oğlan, fırçalarını at və kömək et!
 
- Mən nə etməliyəm? – deyə atamdan soruşdum.
 
- Bax! Görürsən, toyuğun üzərində tüklər var. Onları təmizləmək lazımdır, çünki tüklü şorba yeməyi sevmirəm. Sən tükləri təmizlə, mən isə mətbəxə gedib suyu qaynamağa qoyum!
 
Atam mətbəxə getdi. Mən isə anamın qayçısını götürüb toyuğun tüklərini bir-bir kəsməyə başladım. Əvvəlcə bunların az olacağını düşündüm, amma sonra yaxından baxanda gördüm ki, çoxdur, hətta lap çoxdur. Bir bərbərdə olduğu kimi tez kəsməyə çalışdım.
 
Ata otağa girdi, mənə baxdı və dedi:
 
- Yanlardan daha çox kəs!
 
Mən isə cavab olaraq dedim: - Çox kəsilmir axı ...
 
Atam birdən əli ilə alnına vurub dedi: 
 
- İlahi! İkimiz də necə də axmağıq, Deniska! Lap unutmuşam! Tükləri qayçı ilə kəsməyi dayandır! Tükləri odda yandırmaq lazımdır! Anladın? Hər kəs bu cür edir. Toyuğu ocağın üstə tutacağıq və bütün tüklər yanacaq, beləcə, tükləri kəsməyə və ya təraş etməyə ehtiyac qalmayacaq. Arxamca irəli!
 
Atam toyuğu götürüb mətbəxə qaçdı. Mən isə onun arxası ilə getdim.  Qazı yandırıb toyuğu ütməyə başladıq. Tüklər çox yaxşı ütülürdü, lakin evimiz  yandırılmış yun kimi qoxurdu. Ata toyuğun hər tərəfini oda tutub dedi:
 
- İndi! Gözəl toyuq! Tüklərin yanacaq, təmiz və ağ olacaqsan ...
 
Ancaq toyuq, əksinə, başladı qaralmağa. Ata nəhayət qazı söndürüb dedi:
 
- Məncə, toyuq bir az yanıb hisə verilmişə döndü. Hisə verilmiş toyuq xoşuna gəlirmi?
 
- Xeyr. Hisə verilənə oxşamır, məncə tüstü ilə örtülüb. Ata, gəl onu yuyaq!
 
Atam çox sevindi.
 
- Əhsən sənə! – o, dedi. - Sən ağıllısan. Lap mənə oxşamısan! Buyur, dostum, bu qara toyuğu götür və yaxşıca yu. Artıq bu təlaşdan yoruldum!
 
Atam bir stul tapıb üstünə oturdu.
 
- İndi bu dəqiqə yuyacam! - mən cavab verdim. 
 
Mətbəxə gedib suyu açdım, toyuğu suyun altına qoyub bütün gücümlə ovuşdurmağa başladım. Toyuq çox isti və dəhşətli dərəcədə çirkli idi. Mən əllərimi dirsəklərimə qədər çirkləndirdim. 
 
-  Ata, ona nə etmisən? Ümumiyyətlə yuyulmur! Çox yanıqları var! - mən atama üz tutub dedim.
 
- Boş şeydir, - ata dedi, - yalnız üstündə yanıqlar var. Hər tərəfi yana bilməz ki? Bir dəqiqə gözlə!
 
Atam hamam otağına getdi və ordan mənə böyük bir çiyələk qoxulu sabun gətirdi.
 
- Budur, - o, dedi, - indi lazım olan qədər yu! Köpükləndir!
 
Mən isə bu bədbəxt toyuğu köpükləndirməyə başladım. Artıq olduqca ölümcül görünməyə başlamışdı. Mən onu yaxşıca sabunladım, amma o, çox pis yuyulur, üstündən qara his damlayırdı,bu qədər əziyyət çəkməyimə baxmayaraq toyuq heç təmiz olmurdu.
 
- Bu lənətə gəlmiş toyuq elə bil sabunla kirlənir - mən atama üz tutub dedim.
 
Atam cavab verdi:
 
- Budur, fırça! Götür bunu, toyuğu yaxşıca ovuşdur! Əvvəlcə belini, daha sonra yan tərəflərini! 
 
Mən toyuğu ovuşdurmağa başladım. Bütün gücümlə ovuşdurdum, bəzi yerlərində hətta dərisini belə qopardım. Ancaq yenə də mənim üçün çox çətin idi, çünki toyuq elə bil ki, birdən canlandı və əllərimdə fırlanmağa, sürüşməyə başlayıb  hər saniyə sıçramağa çalışdı. Atam stulun üstündə oturub əmr etməyə davam edirdi:
 
- Güclü ol! Qanadlarından yapış! Ey sən! Görürəm, toyuğu necə yumaq lazım olduğunu bilmirsən!
 
- Ata, gəl özün et! - deyib, toyuğu ona uzatdım. Ancaq götürməyə vaxt tapmamışdı ki, birdən toyuq əlimdən sıçradı və ən uzaqdakı dolabın altına düşdü. Amma atam özünü itirməyib dedi:
 
- Mənə pol ağacını ver!
 
Pol ağacını atama verdim, atam əyilib dolabın altından toyuğu çıxarmağa çalışdı. Əvvəl ordan köhnə siçan tələsini, daha sonra keçən ilki oyuncaq əsgərimi çıxartdı. Mə çox sevindim, çünki onu tamamilə itirdiyimi düşünmüşdüm.
 
Nəhayət ata toyuğu çıxara bildi. Toyuq tozla örtülü idi, atamın isə üzü qızarmışdı. Amma onu pəncəsindən tutdu və yenidən yumaq üçün kranın altına sürüklədi. Atam dedi:
 
- Yaxşı, indi dayan, mavi quş!
 
Ata toyuğu tər-təmiz yuyub qazana qoydu. Bu vaxt anam gəlib soruşdu:
 
- Burda nə baş verib?
 
Atam ah çəkib dedi:
 
- Toyuq bişiririk.
 
Ana dedi:
 
- Çoxdandır?
 
- İndicə başlamışdıq bişirməyə, - atam cavab verdi.
 
Anam qazanın qapağını açıb soruşdu:
 
- Duzlamısız? 
 
- Bişəndən sonra duzlayacaqdıq – atam cavab verdi.
 
Daha sonra anam qazanı iyləyib soruşdu.
 
- Tüklərini yolubsuz? 
 
- Daha sonra edəcəkdik, - atam dedi.
 
Ana ah çəkdi və toyuğu qazandan çıxarıb, mənə dedi:
 
- Deniska, xahiş edirəm, mənə önlük gətir. Sizin başladığınız işi bitirməliyəm!
 
Qaçaraq otağa daxil oldum, önlüyü götürüb, daha sonra çəkdiyim rəsmi masadan götürüb anamın yanına gəldim. Anama önlüyü verib soruşdum:
 
- Ana, de görüm, mən nə çəkmişəm? 
 
Anam rəsmə baxıb dedi:
 
- Tikiş maşını? Doğrudur?