Nağıllar, hekayələr

Əkinçi və şir. Tat nağılı

 

Keçmiş zamanlarda bir kəndli yaşayırdı. O, çox kasıb idi, nə qədər çalışsa da, var gücü ilə işləsə də heç nə qazana bilmirdi. Bir gün o, öz tarlasını şumlayarkən bura haradansa şir peyda oldu.

 

Kəndli qorxdu, şir isə dedi:

 

- Qorxma! Mən çoxdan sənə göz qoyuram və sən mənim ürəyimə yatmısan. Sən zəhməti sevirsən və böyük həvəslə işləyirsən. Gəl dost olaq. Sən öz işini gör, mən isə öz işimi. Nə əldə edərik, yarıya bölərik.

 


- Sən şirsən, mən isə insan, – deyə əkinçi cavab verdi. – Bizim aramızda olan dostluq necə ola bilər? Mən səndən qorxuram.

 

- Qorxma! Qorxunu unut! Axı sənin yanına ilk gələn mənəm.

 

- Hə, nə etməli... – deyə əkinçi fikrə daldı. – Yoxlayaq görək nə çıxır! Mən torpağı şumlayacağam, dən səpəcəyəm, məhsul yoplayacağam. Bəs sən?

 

- Yayda sənin əkin sahən istidən sola bilər. Sən isə bulağa su gətirməyə getməkdən qorxursan. Bulağın yanında həmişə vəhşi heyvanlar gizlənir. Mən heç kəsə imkan vermərəm ki, suya yaxın gəlsin. Sən də kiçik tarlanı suvararsan və bol məhsul götürərsən. Həm də mən sənin taxılını qabanların tapdağından qoruyaram. Adamlara imkan vermərəm ki, sənin bir dənini belə oğurlasınlar. Gecələr rahat yat, gündüzlər isə ürəklə işlə! Məgər bu, pisdir?

 

Kəndli razılaşdı, onlar dost oldular və birgə çalışmağa başladılar. Şirlə olan dostluğu kəndliyə boyük gəlir gətirdi. O, var-dövlət içində və sakit yaşadı.

 

Bir gün şir bu dostluğu sınağa çəkmək istədi. O, əkinçinin yanına tarlaya yox, onun evinə gəldi və dedi:

 

- Hə, insan, məgər pis yaşayırsan? Sən nahaq yerə o vaxt məndən qorxdun. Görürsən, dostluq nəyə qadirdir?

 

- Düz deyirsən! – deyə kəndli razılaşdı. – Sən mənim əsl dostumsan. Lakin, buna baxmayaraq, mən səndən qorxuram. Görkəmin çox vahiməlidir! Sənin başın pırtlaşıq köpək başına oxşayır.

 

Şir incidi, lakin buna o qədər də əhəmiyyət vermədi. Ancaq bunu dedi:

 

- Götür xəncəri və məni yarala!

 

- Sən nə danışırsan! – deyə kəndli dəhşətə gəldi. – Mən bunu necə edə bilərəm?

 

Lakin şir təkid etdi, əkinçi istər-istəməz şirin boynunu yaraladı. Qanı yerə tökülə-tökülə şir heç bir söz demədən çıxıb getdi. Öz mağarasına gələn şir ciddi-cəhdlə yaranı yaladı və o, tezliklə sağaldı.

 

Yara sağalandan sonra şir yenə də əkinçinin evinə gəldi və ona buyurdu:

 

- Bax, xəncərlə yaraladığın yeri axtar tap.

 

Əkinçi çox axtardı. Nə yara, nə də onun yeri vardı, yara bitişmişdi.

 

- Yara sağalıb, - deyə əkinçi təəccübləndi. – Özü də belə tez!

 

- Xəncər yarası tez sağalır, - deyə şir cavab verdi.- Sağalmayan isə söz yarasıdır. Məni, heyvanlar şahını sən pırtlaşıq köpəklə müqayisə etdin. Bizim dostluğumuzun sonu çatdı. Bundan belə biz düşmənik. Ehtiyatlı ol!