Nağıllar, hekayələr

Nikolay Nosov. Telefon

Bir dəfə dostum Mişka ilə oyuncaq mağazasında idik. Orada gözəl bir oyuncaq gördük. Bu - telefon idi.


Böyük taxta bir qutunun içində iki telefon, danışmaq və dinləmək üçün iki dəstək və çoxlu naqillər vardı. Satıcı qadın bizə izah etdi ki, bir telefonu bir mənzilə, digərini isə qonşu mənzilə qoyub, hər iki cihazı naqillə bağlasaq, bir-birimiz ilə danışa bilərik.


- Bunu almalıyıq! Biz onsuz da qonşuyuq, - Mişka dedi. - Yaxşı əşyadır! Bu, qırıb atacağımız sadə bir oyuncaq deyil. Faydalı şeydir!


- Düz deyirsən, - deyə mən Mişkanın sözünü kəsdim, - Çox faydalı bir əşyadır! Danışmaq istəyirsən, telefonu götür və danış. Beləliklə heç yerə getməyə ehtiyac qalmayacaq.


- Rahatçılıqdır! - Mişka sevinərək dedi. - Evdə otur və danış. Əla!


Bu telefonu almaq üçün Mişka ilə pul toplamaq qərarına gəldik. Ardıcıl iki həftə dondurma yemədik, kinoteatra getmədik - bütün pullarımızı yığdıq. Nəhayət, lazım olanı toplayıb telefon aldıq.


Qutunu mağazadan götürüb evə qaçdıq. Bir telefonu mənim mənzilimə, digərini isə Mişkagilə qoyduq. Mənim telefonumdan birbaşa Mişkanın telefonuna, pəncərəmizin aşağı hissəsindən keçirdərək naqillər çəkdik.


- Yaxşı, - Mişka dedi, - Artıq telefon vasitəsilə danışaq! Yuxarı qaç və dəstəyi götür.


Qaçıb otağıma daxil oldum, dəstəyi götürüb qulaq asdım. Dəstəkdən artıq Mişkanın səsi gəlirdi:


- Alo! Alo!


Mən də qışqırmağa başladım:


- Alo!


- Eşidirsən? - Mişka soruşdu.


- Eşidirəm. Bəs sən? 


- Mən də eşidirəm. Bu əladır! Yaxşı eşidirsən?


- Yaxşı. Bəs sən?


- Özümü yaxşı hiss edirəm! Ha ha ha! Gülüşümü eşidirsən?


- Eşidirəm. Ha ha ha! Bəs sən eşidirsən?


- Eşidirəm. Dinlə, indi yanına gələcəm. Mişka qaçaraq yanıma gəldi və sevincdən qucaqlaşmağa başladıq:


- Yaxşı ki, telefon aldıq! Düzdür? - Mişka dedi.


- Əlbəttə - mən cavab verdim, - Çox yaxşıdır.


- Qulaq as, indi qayıdıb sənə yenə zəng vuracam. Mişka evə qaçıb, yenidən zəng etdi. Telefonu götürdüm:


- Alo!


- Alo!


- Eşidirsən?


- Eşidirəm.


- Yaxşı eşidirsən?


- Yaxşı eşidirəm.


- Məndə də yaxşıdır. Gəl danışaq.


- Danışaq, - mən dedim, - Nə haqda danışaq?


- Yaxşı, nə haqqında ... Bir şey haqqında ... Yaxşı ki, telefon aldıq, elə deyilmi?


- Elədir.


- Əgər almasaydıq pis olardı. Elə deyilmi?


- Elədir.


- Yaxşı?


- Yaxşı nə?


- Niyə danışmırsan?


- Bəs sən niyə danışmırsan?


- Nə haqqında danışacağımı bilmirəm - Mişka dedi. - Həmişə belə olur: danışmaq lazım olanda nə danışacağını bilmirsən, ehtiyac olmadıqda isə elə uzun-uzadı danışırsan ...


Mən Mişkaya təklif etdim:


- Gəl bu cür edək: bir az düşünək və düşündükdən sonra zəng edək.


- Oldu.


Dəstəyi qoyub bir az fikirləşməyə başlamışdım ki, birdən zəng çaldı. Dəstəyi götürdüm.


- Yaxşı, de görüm, fikirləşib tapdın? - Mişka soruşdu.


- Yox hələ.


- Mən də hələ düşünməmişəm.


- Niyə o zaman zəng vurursan, axı hələ fikirləşməmisən?


- Düşündüm ki, sən fikirləşmisən.


- O zaman özüm zəng edərdim.


- Düşündüm ki, ağlına gəlməz.


- Necə yəni, uzunqulaq olduğumu düşünürsən?


- Yox, nə uzunqulağı! Sən heç də uzunqulaq deyilsən! Məgər mən sənə uzunqulaq deyirəm?


- Bəs sən nə deyirsən?


- Heç nə. Deyirəm ki, sən uzunqulaq deyilsən.


- Yaxşı, uzunqulaq haqqında danışmağımız kifayətdir! Dərslərimizi öyrənsək daha yaxşı olar! 


- Olar!


Telefonun dəstəyini qoyub, təzəcə dərslərim ilə məşğul olmaq istəyirdim ki, birdən Mişka yenidən zəng etdi:


- Dinlə, indi mahnı oxuyacam və telefonda piano çalacam.


- Yaxşı, oxu, - mən cavab verdim.


Bir az səs eşidildi, sonra musiqi çalmağa başladı və birdən Mişka özünə məxsus olmayan bir səslə oxumağa başladı:


Hara, hara getdi
Mənim qızıl günlərim?


"Bu nədir? – öz-özümə düşündüm. – Mişka bu bür oxumağı hardan öyrənib axı? Birdən Mişka ağzı qulağında yanımda peyda oldu.


- Mahnını mənim oxuduğumu düşünürsən? Bu qrammofondur, telefonda oxuyur! İcazə ver mən də dinləyim.


Telefonu ona verdim. Dinlədi, dinlədi, sonra dəstəyi qoyub – aşağı, öz mənzilinə qaçdı. Telefonu götürdüm və orada “Pş-ş-ş! Pş-ş-ş! Drrr! Drrr!" Yəqin ki, qromofonun diski bitmişdir. Yenidən dərslərimi çalışmaq üçün masanın arxasına əyləşdim. Yenə zəng. Telefonu götürdüm:


- Alo!


Və dəstəkdən gələn səs:


- Ham! Ham! Ham!


- Nədir? – mən dedim, - indi də it kimi hürürsən?


- Bu mən deyiləm. Səninlə danışan köpəyim - Drujokdur. Dəstəyi dişləri ilə dişlədiyini eşidirsən?


- Eşidirəm.


- Mən onun üzünə dəstək ilə vururam, o da dişləri ilə gəmirir.


- Yaxşı olar ki, dəstəyi xarab etməyəsən.


- Heç nə olmaz, o - dəmirdəndir ... Ay! Çıx get! Sənə necə dişləməyi göstərəcəyəm! Al sənə...! (Ham! Ham! Ham!) Dişləyir eşidirsən?


- Hə eşidirəm, - deyə cavab verdim.


Yenidən dərslərimə çalışmaq üçün masa arxasına oturdum. Bir dəqiqə sonra zəng gəldi. Telefonu götürdüm və məzəli bir səs eşidildi:


" Jjj-uu-uu-uu!"


"Alo " deyə mən qışqırdım. "Jjjuu-u! Jjjuu-u! "


- Nə ilə vızıldayırsan?


- Milçəklə.


- Hansı milçək?


- Adi bir milçəklə. Milçəyi dəstəyin qarşısında tuturam, o isə qanadlarını çırpır və vızıldayır...


Bütün axşam Mişka ilə bir -birimizə zəng vurduq və fərqli fəndlər icad etdik: mahnı oxuduq, qışqıraraq danışdıq, hətta pıçıltı ilə danışdıq - hər şey eşidilirdi. Dərslərimi gec bitirdim və düşündüm:


"Yatmazdan əvvəl yenidən Mişkaya zəng edim."


Zəng etdim, amma cavab vermədi. "Görəsən nə olub? – öz-özümə düşündüm. – Yəqin telefonu xarab olub?


Yenə zəng etdim - yenə cavab yoxdur! Düşündüm: "Gedib nə baş verdiyini öyrənim".


Onun yanına qaçaraq gəldim ... Ay aman! Nə görsəm yaxşıdır? Mişka telefonu masanın üstünə qoyub sındırır, batareyasını cihazdan çıxarıb, dəstəyi sökür.


- Dur! - mən dedim. - Niyə telefonu sındırırsan?


- Sındırmıram ki. Yalnız necə işlədiyini görmək istəyirəm. Söküb yenidən bir yerə yığacam.


- Əvvəlki kimi yığa biləcəksən? Bunu başa düşmək lazımdır.


- Əlbətdə ki, başa düşürəm. Burda başa düşülməyən nə var ki! Mişka dəstəyi sökdü, vintləri çıxardaraq içindəki yuvarlaq diski çıxarmağa başladı. Disk qopdu və dəstəyin içindən qara tozlar yerə düşdü.

Mişka qorxdu və tozu yenidən dəstəyə yığmağa başladı.


- Görürsən, - mən dedim, - nə etdin!


- Heç nə olmaz, - o, dedir, - İndi hər şeyi olduğu kimi yerinə qayrtaracam. Mişka dəstəyi yığmağa başladı. Çalışdı, çalışdı... vintlər kiçik olduğundan dəstəyi əvvəlki vəziyyətinə gətirmək çətin idi. Nəhayət dəstəyi yığdı, yalnız bir dəmir parçası və iki əlavə vint qıraqda qaldı.


- Bu dəmir parçası hardan çıxdı? - mən soruşdum.


- Ah, unutdum! Bunu da vintləməli idim. Dəstəyi yenidən sökməliyəm!- deyə Mişka cavab verdi.


- Yaxşı, - mən dedim, - Evə gedirəm, sən də hazır olan kimi mənə zəng et.


Evə getdim və gözlədim. Gözlədim, gözlədim, zəng gəlmədiyini görüb yatağa getdim.


Ertəsi gün telefon zəng çaldı. Yatağımdan qalxıb tez telefonu götürdüm:


- Eşidirəm!


- Niyə donuz kimi səs çıxarırsan? - cavab olaraq Mişka məndən soruşdu.


- Necə yəni, donuz kimi səs çıxardıram? Mən donuz kimi səs çıxarmıram!


- Donuz kimi səs çıxarmaqdan əl çək! İnsan kimi danış! – Mişka qışqırdı.


- Mən insan kimi danışıram. Niyə donuz kimi səs çıxarım ki?


- Yaxşı, kifayətdir əyləndin! Donuzu otağa gətirdiyinə inanmıram.


- Sənə deyirəm axı burda heç bir donuz yoxdur! – mən əsəbləşdim.


Mişka susdu. Bir dəqiqə sonra yanıma gəlib dedi:


- Niyə telefonda donuz səsi çıxarırdın?


- Mən donuz səsi çıxarmırdım.


- Eşitdim axı.


- Axı niyə donuz səsi çıxarım ki?


- Bilmirəm- o, cavab verdi. – Ancaq mənim dəstəyimdə hər şey "xryu-xryu" və "xryu-xryu" eşidilir. Buyur, əgər inanmırsansa, get qulaq as.


Mişkanın evinə getdim və ordan zəng etdim:


- Alo!


Əvvəlcə heç nə eşidilmədi, sonra yavaş -yavaş: “Xryu! Xryu! Xryu!" səs gəldi.


- Hə, düz deyirsən, donuz səsi gəlir - mən dedim.


Yenə cavab olaraq: “Xryu, xryu, xryu”.


- Donuz səsi gəlir! -mən qışqırdım və yenidən dəstəkdən gələn cavab: “Xryu! Xryu! Xryu!" oldu.


Sonra nə olduğunu başa düşdüm və Mişkanın yanına qaçıb gəldim.


- Hamsı sənin üzündən olub, - mən dedim, - Telefon xarab olub!


- Niyə?


- Onu dünən hissələrə ayırdın, yəqin dəstəkdəki nəyisə xarab etmisən.


- Yəqin ki, səhv yığmışam, - Mişka dedi. - Bunu düzəltməliyəm.


- İndi necə düzəldə bilərsən?


- Sənin telefonunun necə işlədiyinə baxacam və öz telefonumu da eyni şəkildə yığacam.


- Telefonumu sökməyinə icazə vermərəm!


- Qorxma! Ehtiyatla edəcəm! – deyib Mişka telefonunu təmir etməyə başladı. Təmir etdi ancaq qırıq dəstəkdən heç bir səs eşidilmirdi, hətta donuz səsi belə.


- Yaxşı, indi nə edək? - mən soruşuram.


- Bilirsən, - Mişka dedi, - Bəlkə mağazaya gedək, orda düzəldərlər.


Oyuncaq mağazasına getdik, amma orda telefon təmir etmirdilər,  hətta harada təmir olunduğunu belə bilmirdilər. Bütün günü cansıxıcı vəziyyətdə gəzdik. Birdən Mişka dedi:


- Biz qəribəyik! Axı teleqrafla da danışa bilərik!


- Necə yəni teleqrafla?


- Çox sadə: nöqtə, tire. Zəng ki işləyir! Qısa zəng bir nöqtə, uzun zəng isə tiredir. Gəl Morze əlifbasını öyrənək və danışaq!


Morze kodunu çıxardıq və öyrənməyə başladıq: "A" - nöqtə, tire; "B" - tire, üç nöqtə; "B" - nöqtə, iki tire ... Bütün əlifbanı öyrəndik və danışmağa başladıq.


Əvvəlcə biz də yavaş-yavaş alındı, daha sonra əsl teleqraf operatorları kimi danışdıq: "cınq-cınq-cınq!" - və hər şey aydındır. Bu hətta sadə bir telefondan daha maraqlı idi. Yalnız bu uzun sürmədi. Bir dəfə səhər Mişkaya zəng vurdum, o isə cavab vermədi. "Yaxşı, - öz-özümə düşündüm, - yəqin hələ də yatır." Bir qədər keçdi, yenə zəng etdim - yenə də cavab vermədi. Onun yanına gedib qapını döydüm. Mişka qapını açıb dedi:


- Niyə qapını dağıdırsan? Görmürsən bunu? və qapının düyməsini mənə göstərdi.


- Bu nədir? - mən soruşdum.


- Zəng.


- Necə zəng?


- Elektrikli. İndi bizim elektrik zəngimiz var, artıq məni bununla çağıra bilərsən.


- Bunu hardan alıbsan?


- Özüm düzəltmişəm.


- Nədən?


- Telefondan.


- Necə? Telefondan?


- Çox sadə. Telefondan gələn zəngi və batareyasını çıxardım. Bir oyuncaq idi – indi isə oldu lazımlı bir əşya!


- Telefonu sökməyə nə haqqın var idi? – mən hirslə dedim.


- Nə haqqım var idi? Öz telefonumu sökdüm. Səninkinə toxunmadım.


- Bizim telefon ortaqdır! Qırılacağını bilsəydim, səninlə alış-veriş etməzdim! Danışmağa kimsə yoxdursa mənim telefona niyə ehtiyacım olsun ki!

 

- Niyə danışmalıyıq ki? Düşünürəm ki, biz çox da uzaqda yaşamırıq, qonşuyuq, gəlib belə də danışa bilərik.


- Bundan sonra səninlə danışmaq istəmirəm!


Ona qəzəbləndim və üç gün onunla danışmadım. Sıxıldığım üçün mən də telefonumu söküb elektrikli zəng düzəltdim. 


Sadəcə Mişkanınki kimi deyildi. Hər şeyi səliqəli şəkildə təşkil etdim. Batareyanı qapının yanındakı bir rəfə qoydum, ordan divar boyunca elektrik zəngi və düyməyə qədər tellər çəkdim və düyməni qapıya vintlərlə vurdum ki, Mişkanınki kimi bir mismarın üstündə sallanmasın! Hətta atam və anam  evdə belə faydalı bir şey təşkil etdiyim üçün məni təriflədi.

 

Mişkanın yanına “artıq mənim də elektrik zəngim var” demək üçün getdim. 


Qapıya yaxınlaşdım, zəng etdim ... Düyməni basdım, basdım - heç kim açmadı. "Bəlkə zəng pozulub?" - düşündüm. Qapını əlimlə döyməyə başladım. Mişka qapını açdı.


Mən soruşdum:


- Nədir zəng işləmir?


- İşləmir.


- Niyə?


- Eh, batareyanı sökdüm.


- Niyə?


- Batareyanın nədən hazırlandığını görmək istədim.


- Necə yəni, - mən dedim, - indi necə olacaq – nə telefonun, nə də zəngin olmayacaq?


- Heç nə olmaz, - Mişka içinə çəkdi, - birtəhər yaşayaram! 


Evə getdim və öz-özümə düşündüm: “Mişka niyə belə yöndəmsizdir? Niyə hər şeyi xarab edir?! " Hətta ona yazığım da gəldi.


Axşam yerimə uzandım, lakin uzun müddət yuxuya gedə bilmədim, hər şey gözümün önündən gəlib keçdi: telefonumuzun olduğu və onun necə elektrik zəngə çevrilməsi. Sonra elektrik enerjisinin batareyada necə olduğunu və nədən istehsal edildiyi barəsində düşünməyə başladım. Sonra yatağımdan qalxıb, lampanı yandırdım, batareyanı rəfdən çıxarıb sındırdım. Batareyanın içərisində bir növ maye ilə islanan, bir parçaya sarılmış qara çubuq vardı. Elektrikin bu mayedən alındığını başa düşdüm. 


Daha sonra yatağıma uzandım və tez yuxuya getdim.