Bu maraqlıdır!

“Rəşidiyyə”-Məşhur Azərbaycan Universiteti

Təbrizin mərkəzi küçələrindən biri ilə gənc bir oğlan addımlayırdı. O, adamlara yaxınlaşır, nə isə soruşur, haranı isə axtarırdı. Sir-sifətindən, geyimindən görünürdü ki, o, yerli adam deyil, əcnəbidir. Karvanla uzaq yol qət edən bu gənc yorğun olmasına baxmayaraq, Təbrizdə olmaqdan məmnun görünürdü. Gənc oğlan küçədə şirniyyat satan bir kişiyə yaxınlaşıb soruşdu: “Rəşidiyyə mədrəsəsi hansı tərəfdədir?”. Kişi mədrəsənin yerini izah etdi. Gənc oğlan həmin yerə tələsdi. O, uzaq ölkədən Təbrizə təhsil almağa gəlmişdi. 


Keçmiş zamanlarda Şərq ölkələrində ali təhsil mədrəsələrdə verilirdi. Avropada belə təhsil ocaqlarını universitet adlandırırdılar. Azərbaycanda da çoxlu mədrəsələr fəaliyyət göstərirdi. Mədrəsələrdə təhsil alan gənclərə “Quran”, tarix, astronomiya, riyaziyyat, fəlsəfə, təbiət elmləri, ərəb, fars dilləri və digər elmlər öyrədilirdi. Burada dövrün görkəmli alimləri, bilikli adamları çalışırdı. Təhsil ocaqları onu yaradan şəxsin, fəaliyyət göstərdiyi yerin və ya orada çalışan alimin adı ilə adlandırılırdı.


Belə təhsil ocaqlarından biri də Təbriz şəhərindəki “Rəşidiyyə” adlı mədrəsə idi. Bu mədrəsəni XIV-cü yüzillikdə dövrün ən böyük Azərbaycan alimlərindən biri olan Fəzlullah Rəşidəddin yaratmışdı. O, tarix, tibb, təbiətşünaslıq kimi elm sahələrinə aid çoxlu əsərlər yazmışdı. Biliyi və uzaqgörənliyi ilə seçilən Fəzlullah Rəşidəddin Elxanilər dövlətində şahın vəziri vəzifəsinə qədər yüksəlmişdi. Həm böyük alim, həm də dövlət xadimi olmuş Fəzlullah Rəşidəddin ölkədə çoxlu sayda xeyirxah əməllər həyata keçirmişdi. Ən əhəmiyyətli tədbirlərdən biri isə mükəmməl bir mədrəsə şəhərciyinin-universitet şəhərciyinin açılması oldu. Bu mədrəsə sanki şəhər içində şəhər idi. Ətrafı qala divarları ilə əhatə olunmuşdu. Burada mədrəsə, müəllimlər evi, məscid, qonaq evi, həkimlər evi, rəsədxana, kitabxana, 30 min yaşayış evi və başqa əhəmiyyətli binalar tikilmişdi. Şəhərcik elm, mədəniyyət, sağlamlıq mərkəzi idi. 


“Rəşidiyyə”də minlərlə tələbə təhsil alırdı. Burada təhsil almaq üçün xarici ölkələrdən Təbrizə çoxlu gənclər gəlirdi. Pulsuz təhsil alan tələbələr burada burada tarix, fəlsəfə, təbiətşünaslıq, təbabət, astronomiya və başqa elmlərə yiyələnirdilər. Təhsil müddəti və tələbənin elmləri mənimsəməsindən asılı olurdu. Təhsilini tam başa vurmuş tələbələr “şəhadətnamə” alıb öz vətənlərinə qayıdırdılar. 


“Rəşidiyyə” mədrəsəsinin çox zəngin kitabxanası vardı. İrandan, Misirdən, Hindistandan, Çindən və başqa ölkələrdən buraya çoxlu kitablar gətirilmişdi. Kitabxanada alimlər, rəssamlar, cildçilər, xəttatlar və digər sənət adamları işləyirdi. Böyüklüyünə görə “Rəşidiyyə” kitabxanası Nəsrəddən Tusinin yaratdığı kitabxanadan sonra ikinci yeri tuturdu. Burada 60 mindən çox kitab vardı. Kitabxanadan həm müəllimlər, həm də tələbələr istifadə edirdilər. 


“Rəşidiyyə”də xəstəxana və əczaxana da fəaliyyət göstərirdi. Buranı “şəfa evi” adlandırırdılar. 


Göründüyü kimi, keçmiş zamanlarda Azərbaycan dünyanın ən tanınmış elm təhsil mərkəzi olmuş, dövrünün ən müasir təhsil ocaqları ilə şöhrət qazanmışdır.


“Rəşidiyyə” mədrəsəsi XIV-cü yüzillidə Şərqin ən məşhur universitetlərindən biridir.