Nağıllar, hekayələr

Azər nənəsini necə xilas etdi?

Bu yaxınlarda baş vermiş bir hadisə sinif yoldaşımız Azəri bütün məktəbdə tanıtdı. Hamı ona qəhrəman kimi baxırdı.

 

Azəri məktəbə həmişə nənəsi gətirib-aparır. Bir gün onu məktəbə nənəsi yox, anası gətirdi. Təəccübləndik. Azərin nənəsini yaxşı tanıyırdıq. O da hamımızın adını bilir və bizi xoş dillə dindirirdi. Azərin kefi yox idi. Ondan nənəsinin nə üçün gəlmədiyini soruşduq. Azər dedi ki, nənəsi xəstələnib. İndi xəstəxanadadır. Axşam halı pisləşib və onu xəstəxanaya aparıblar. Sonra nənə sağaldı və Azəri məktəbə yenə özü gətirdi. Sən demə, Azərin çətin anda özünü itirməməsi və sayıqlığı onu ölümdən xilas edib. Nənə əhvalatı bizə özü danışdı.

 

Nənənin söylədikləri: Axşam Azər bacısı Turanla televizorda maraqlı verilişə baxırdı. Oğlumla gəlinim evdə yox idilər, qonaq getmişdilər. Mən paltar ütüləyirdim. Qəfildən sinəmdə sancı hiss etdim. Bir anda əhvalım çox pisləşdi və özümü saxlaya bilməyib döşəməyə yıxıldım. Ütü paltarın üstündə qalmışdı. Paltar artıq yavaş-yavaş tüstüləməyə başlayırdı. Halım yox idi ki, uşaqları çağırım. Amma Azər yanıq qoxusunu hiss edib tez mən olan otağa gəldi. O özünü itirmədi. Dərhal ütünü şəbəkədən ayırdı. Onu paltarın üstündən götürüb kənara qoydu. Turan isə mətbəxə qaçdı, su gətirdi və tüstüləyən paltarın üstünə töküb onu söndürdü. Azər tez təcili yardımın nömrəsini (103) yığdı. Mənim vəziyyətimi və evin ünvanını dəqiq dedi.

 

Sonra zəng edib ata-anasını vəziyyətdən xəbərdar etdi. Az sonra həkim gəldi. Mənə ilk tibbi yardım göstərdi. Təcili yardım həkimi dedi ki, məni, əslində, o yox, Azər xilas edib. Çünki o, çətin vəziyyətdə özünü itirməyib.

 

Yaşından asılı olmayaraq hər bir insan müxtəlif çətin vəziyyətlərə düşə bilər. Məsələn, uşaq gəzinti zamanı böyüklərdən ayrı düşüb itə bilər, yaxud liftdə olarkən lift qəfildən dayana bilər. Ona görə də hər bir uşaq bunları bilməlidir:

 

Uşaq küçədə, böyük supermarketlərdə, metroda və başqa yerlərdə itərsə, qorxmamalıdır. Bu zaman yaxınlıqda görünən polis işçisinə, marketdə satıcıya, metroda metro işçisinə, bunlar olmadıqda isə topa halında dayanmış insanlara yaxınlaşaraq vəziyyəti onlara bildirmək lazımdır.

 

Liftdə olarkən lift qəfildən dayanarsa, qorxub özünü itirmək, liftin düymələrini oynatmaq olmaz. Bir çox liftlərdə binanın nəzarətçisi ilə əlaqə düyməsi olur. Bu düymə vasitəsilə nəzarətçini vəziyyətdən xəbərdar etmək, belə bir düymə yoxdursa, qapını döyüb köməyə çağırmaq lazımdır. Başqa gözlənilməz hallar da ola bilər. Bütün hallarda insan, ilk növbədə, təmkinli olmağa çalışmalıdır.