Nağıllar, hekayələr

Nikolay Nosov. Yamaq

Bobkanın yaşıl, daha dəqiq desək, xaki rəngli gözəl şalvarı var idi. Bobka şalvarını çox bəyənirdi və həmişə geyinib məhlədəki uşaqlara özünü öyünərək göstərirdi.


- Baxın, uşaqlar, mənim şalvarıma! Əsgər şalvarıdır! -deyə Bobka uşaqlara acıq verirdi.


Bütün oğlanlar, təbii ki, qısqanırdılar, çünki başqa heç kimdə belə bir yaşıl şalvar yox idi.


Bir gün Bobka hasarın üstündən tullandı və bilmədən mismara ilişib gözəl şalvarını cırdı. O, məyusluqdan az qala göz yaşlarına boğulacaqdı. Tez evə gedib, anasından şalvarını tikməsini xahiş etməyə başladı.


Anası hirslənib dedi:


- Sən hasarlara dırmaş, şalvarını cır, mən isə tikim?


Bobka dil tökməyə başladı: 


- Bir daha etməyəcəm, ana! Nə olar, tik!


- Özün tik.


- Amma mən bacarmıram!


- Cırmağı necə bacardınsa, tikməyi də o cür bacararsan!


 - Yaxşı... mən bu cür gəzəcəm - deyib Bobka həyətə çıxdı.


Uşaqlar onun şalvarındakı deşiyi görüb gülməyə başladılar.


- Bəs öyünmürdün ki, əsgərəm. Sən necə əsgərsən ki, şalvarın cırıqdı? - uşaqlar onu lağla qoydular.


Bobka bəhanə gətirərək cavab verdi:


- Anamdan xahiş etdim ki, tiksin, amma o, tikmək istəmədi.


- Məgər əsgərlərin şalvarlarını anaları tikir? - oğlanlar dedilər. - Əsgər özü hər şeyi bacarmalıdır: yamaq qoyub, düyməni tikməyi bacarmalıdır.


Bobka utandı. Evə getdi, anasından iynə, sap və yaşıl parça istədi. Parçadan ovuc boyda yamaq kəsib şalvarına tikməyə başladı.


Bu asan iş deyildi. Bundan əlavə, Bobka çox tələsirdi deyə bir neçə dəfə iynəni barmaqlarına sancdı.


- Niyə sancırsan, ay səni iyrənc iynə! – Bobka iynəyə deyindi və sancmamaq üçün onun ucundan tutmağa çalışdı.


Nəhayət, yamaq tikildi. Yamaq, qurudulmuş göbələk kimi şalvarın üstündən sallanırdı və ətrafındakı parçanı elə qırışdırmışdı ki, şalvarın bir ayağı qısalmışdı.


- Bu şalvar artıq nəyə yarayacaq ki? – Bobka şalvarına bir daha göz gəzdirərək baxıb mızıldandı. – İndi əvvəlkindən də bərbaddır! Hər şeyi yenidən etməli olacam!


Bobka qayçı götürüb yamağı sökdü, sonra onu səliqə ilə düzəldib yenidən şalvarına qoydu, mürəkkəb qələm ilə ehtiyatla yamağın ətrafına nişan yerləri çəkdi və yenidən tikməyə başladı.


İndi o, yavaş-yavaş, diqqətlə tikir və hər zaman yamağın nişan çəkdiyi yerdən çıxmamasına diqqət yetirirdi. 


Bobka uzun müddət çalışdı, burnunu çəkdi, yuxuladı, amma hər şeyi etdikdən sonra yamağa baxmaq xoş idi. Yamaq artıq elə düz, hamar və sıx tikilmişdi ki, hətta diş ilə onu qoparmaq mümkün deyildi.


Nəhayət, Bobka şalvarını geyinib həyətə çıxdı. Uşaqlar onu əhatəyə aldılar.


- Afərin! – uşaqlar dedilər. – Baxın, yamağın ətrafında qələm izləri var. Bilinir ki, özün tikibsən! 


Bobka hamının görməsi üçün hər tərəfə çevrildi və öyünərək dedi:


- Eh, hələ gərək düymə tikməyi də öyrənəm, amma heyf, heç biri qırılmadı! Heç nə olmaz! Bir gün qırılar - mütləq onu da özüm tikəcəm!