Görkəmli şəxsiyyətlər

İki dəfə Nobel mükafatı laureatı və tibbi fizikanın banisi - Mariya Sklodovska Küri

Polyak əsilli fransız kimyaçısı və fiziki Mariya Sklodovska Küri (1867-1934) - Nobel mükafatına layiq görülən ilk qadın və bu mükafatı iki dəfə alan yeganə kimyaçı və fizikdir. Mariya Küri yeganə alimdir ki, Nobel mükafatına iki ayrı-ayrı sahədə almağa nail olmuşdur (fizika (1903) və kimya (1911) sahəsində).


Mariya həyat yoldaşı Pyer Küri ilə birlikdə “radium” və “polonium” elementlərini kəşf etmiş, radioaktivlik sahəsində kəşfləri ilə uğur qazanmışdır. Məhz bu kəşfinə görə o, 1903-cü ildə ilk Nobel mükafatına layiq görülüb. Elementlərin öz-özünə şüalanmasına “radioaktivlik” adını məhz Mariya və Pyer Küri vermişdir.


O, 1911-ci ildə "kimyanın inkişafındakı əvəzedilməz fəaliyyətinə: radium və polonium elementlərinin kəşf edilməsi, saf halda radiumun ayrılması və bu möhtəşəm elementin təbiətinin öyrənilməsinə görə" kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Bununla da o, Nobel mükafatını iki dəfə alan ilk şəxs kimi elm tarixinə düşmüşdür. Mariya “polonium” elementini vətəni - Polşanın şərəfinə adlandırmışdı.


Mariya Sklodovska Küri 1867-ci ildə Polşanın paytaxtı Varşava şəhərində ziyalı ailəsində dünyaya göz açıb. O, anasını və bacılarından birini çox erkən itirib. Mariya uşaqlıqdan son dərəcə iti yaddaşı ilə fərqlənirdi və 16 yaşında orta məktəbi qızıl medalla bitirib. Hələ məktəbdə oxuyarkən qohumunun kimya laboratoriyasında assistent işləyirdi.  Mariya ali təhsil almaq istəyirdi, lakin ailənin buna maddi imkanı olmadığından bacısı ilə maraqlı şərt kəsmişdilər. Həmin şərtə əsasən o, beş il dayə işləyərək bacısının tibb təhsili almasına yardım edəcək, sonra isə bacısı Mariyanın universitetə qəbul olmasına köməklik göstərəcək. 1891-ci ildə bu vəd yerinə yetirildi, 24 yaşında olarkən böyük bacısının köməyi ilə Mariya Parisə getdi və Sorbon Universitetində (Paris Universiteti) fizika və kimyadan təhsil almağa başladı. O, gec saatlara qədər işləyirdi. Mariya 1893-cü ildə fizika elmləri imtahanında birinci oldu, 1894-cü ildə riyaziyyat elmləri imtahanında isə ikinci yeri tutdu. Daha sonra o, tarixdə Sorbon Universitetində işləyən ilk qadın müəllim oldu. Məhz həmin ilin yazında o, Pyer Küri ilə tanış oldu. Pyer dövlət məktəbində fizika-kimya laboratoriyasına rəhbərlik edirdi. Onların 1895-ci ildə baş tutan evliliyi tezliklə dünya əhəmiyyətli nəticələr əldə edən əməkdaşlığın təməlini qoydu. Onların İren adlı qızı dünyaya gəldi. Mariya doktorluq dissertasiyası üçün əsas olan radioaktivliyi öyrənməyə başladı. Uzun müddətli araşdırmalar və işlər nəticəsində XIX-cu əsrin sonu və XX-ci əsrin əvvəllərində polonium və radium kimyəvi elementlərini kəşf edənlər məhz Kürilər olub.


1896-cı ildə Henri Bekkerel təsadüf nəticəsində xarici işıq mənbəyi (Günəş və ya süni işıq) olmadan uran duzlarının şüalanmasını kəşf etdi. Bu, fiziklər üçün əsl sürpriz idi. Sonralar Mariya, Bekkerelin bu kəşfini “radioaktivlik” adlandırmışdı. Fiziklər və kimyaçılar qarşısında əlavə sual meydana çıxdı: görəsən, bu xassə yalnız urana və onun duzlarınamı məxsusdur, yoxsa bu başqa elementlərdə də var?

Mariya Küri məhz bu sual ətrafında əri Pyer Küri ilə birlikdə uranda aşkarlanan radioaktivliyin digər elementlərdə mövcud olmasını araşdırmağa qərar verdi və toriumda da radioaktivlik olmasını aşkarladı.


O, diqqətini yenidən minerallara yönəltdi və uran filizi onun marağını cəlb etdi. Uran filizi radioaktivliyi saf uran radioavtivliyindən yüksək olan bir mineraldır və bu yalnız filizin tərkibində kiçik miqdarda, lakin çox yüksək aktivliyi olan naməlum maddənin varlığı ilə izah edilə bilərdi. Pyer Küri Mariyanın bu problemi həll etmək üçün başlatdığı və yeni elementlər, polonium və radiumun kəşfi ilə nəticələnən araşdırmasına qoşuldu. Mariya Küri və Pyer Küri uran və torium olan filizlərin sistematik tədqiqi zamanı orada yeni iki element kəşf etdilər - radium və polonium. I element II-yə nisbətən daha güclü işıqlandığı üçün ona radium - "şüalanan" adı verildi. Digər elementə isə M. Küri öz vətəninin şərəfinə polonium adlandırdı. Sonrakı illərdə Pyer və Mariya Küri bu elementləri maddə halında almaq üçün təcrübələrini davam etdirmişlər. Nəticədə, 7 tonadək uran filizi işlətdikdən sonra 0,1 qram radium almaq mümkün olmuşdu. Polonium elementi isə radiumun parçalanmasından yarandığından onu almaq mümkün olmamışdı.


Pyer Kürinin özünü əsasən yeni radiyasiyanın fiziki cəhətdən öyrənilməsinə həsr etdiyi halda, Mariya Küri metal halında saf radium əldə etməyə çalışırdı. O, bu işə Pyer Kürinin şagirdlərindən biri olan kimyaçı Andre-Lui Debirin köməyi ilə nail oldu. Mariya bu tədqiqatın nəticələrinə əsasən elmlər doktoru adını qazandı və 1903-cü ildə Mariya və Pyer Bekkerel ilə bərabər radioaktivliyin kəşfinə, "radiasiya hadisəsinin tədqiqindəki əvəzedilməz müştərək fəaliyyətlərinə görə" görə fizika üzrə Nobel mükafatına layiq görüldülər.


1906-cı ildə Pyer Küri nəqliyyat qəzasında həlak oldu. Lakin Mariya Küri ona təyin olunan pensiyadan imtina etdi. Həyat yoldaşının qəfil ölümü Mariya Küriyə ağır zərbə oldu, lakin həmçinin bu hadisə onun karyerasında dönüş nöqtəsi idi: bundan sonra o, bütün enerjisini Pyer Küri ilə başlatdıqları elmi işi təkbaşına tamamlamağa həsr etdi. O, 13 may 1906-cı ildə həyat yoldaşının ölümündən sonra vakant qalan professorluq vəzifəsinə təyin edildi və bununla da Sobon Universitetində dərs deyən il qadın professor oldu. Onun sonrakı təcrübələri radiumu metal şəklində almaqdan ibarət olmuşdur. Xanım fizik bu nəticəyə 1910-cu ildə Anri Debirnlə birgə nail oldu. O, həmçinin Beynəlxalq Çəki və Ölçü vahidləri Bürosuna radioaktiv maddələrin ilk etalonunu hazırlayıb təqdim edən alim kimi də məşhurdur. Mariya Kürinin digər fundamental nailiyyəti kimya sahəsinə aiddir. O, 1911-ci ildə "kimyanın inkişafındakı əvəzedilməz fəaliyyətinə: radium və polonium elementlərinin kəşf edilməsi, saf halda radiumun ayrılması və bu möhtəşəm elementin təbiətinin öyrənilməsinə görə" kimya üzrə Nobel mükafatına layiq görülmüşdür. Bununla da o, Nobel mükafatını iki dəfə alan ilk şəxs kimi elm tarixinə düşdü.


Birinci Dünya müharibəsi illərində Mariya Küri özünü qızı İrenin köməyi ilə “kiçik Kürilər” kimi tanınan səyyar qurğuların daxil olduğu və yaralı əsgərlərin müalicəsi üçün istifadə edilən Rentgen aparatının inkişafına həsr etmişdi. Müharibə zamanı o, həmçinin hərbi cərrahlara radiologiyadan istifadə etməyi tədris etmişdir. Bu tədqiqatların nəticəsini daha sonra yazdığı "Radiologiya və müharibə" adlı kitabında əks etdirmişdir.


1918-ci ildə heyətində İrenin də yer aldığı Radium İnstitutu fəaliyyətə başladı və nüvə fizikası və kimyasının mərkəzinə çevrildi. Mariya Küri isə bu institutun fundamental tədqiqatlar və radioaktivliyin tibbi istifadəsi şöbəsinə direktor təyin olumuşdu. Artıq şöhrətin zirvəsində olan Mariya Küri 1922-ci ildən etibarən Tibb Akademiyasının üzvü kimi radioaktiv maddələri və onların tibbi istifadəsini tədqiq etdi.


1921-ci ildə Mariya Küri qızları ilə bərabər radiumun tədqiqatına maliyyə ayrılması üçün Birləşmiş Ştatlara səfər etmişdi. Oradakı qadınlar kompaniyası münasibəti ilə ona bir qram radium hədiyyə etmişdilər. Mariya həmçinin Belçika, Braziliya, İspaniya və Çexslovakiyada (indiki Çexiya və Slovakiya) mühazirələr vermişdi. Bundan əlavə, Parisdə Küri Fondunun yaradılması və 1932-ci ildə Varşavada bacısı Broniyanın direktoru olduğu Radium İnstitutunun açılış mərasimini görmək ona nəsib oldu.


1923-cü ildə o, Pyer Kürinin tərcümeyi-halını yazaraq kitab şəklində nəşr etdirmişdir. Həmçinin bu illərdə yenidən müstəqillik qazanmış vətəninə tez-tez səfər edərək, orada gənc mütəxəssislərə yardım göstərdi.


Mariya Küri Nobel mükafatından əlavə, Fransa Elmlər Akademiyasının "Bertelo", London Kral Cəmiyyətinin "Devi", Franklin İnstitutunun "Elliot Kresson" medalları ilə də təltif edilmişdir. O, 85 müxtəlif elmi cəmiyyətin üzvü olmuş, həmçinin 20 fəxri elmi adla mükafatlandırılmışdır. Paris Radium İnstitutundakı 1,5 qram radium ehtiyatı 1930-cu illərdə aparılan təcrübələrə mühim töhfələr vermişdi. Bu iş Ser Ceyms Çaduik tərəfindən neytronun kəşfi və hər şeydən öncə 1934-cü ildə İren və Frederik Coliot-Kürinin süni radioaktivliyi kəşf etməsi üçün zəmin yaratmışdı.


Uzun müddət radioaktiv birləşmələrlə işləyən Mariya əhəmiyyətli radiasiya aldı ki, bu da əvvəlcə qismən görmə, sonra eşitmə itkisi ilə nəticələndi və sonunda uzun müddət davam edən radiasiya beyin zədələnməsinə, kəskin anemiyaya səbəb oldu. Bu zədələrin nəticəsində Mariya Küri 1934-cü ildə vəfat etdi.


Bütün həyatını elmə və tədqiqata həsr edən, onu həddindən artıq təvazökarlıqla, bəzən hətta yoxsulluq içində - Kürilərin laboratoriya üçün avadanlıq və reagentlərin alınmasına xərclədiyi bütün pulları xərcləyən Mariya Küri xoşbəxt qadın olaraq qaldı. 


Kürilərin qızlarından biri olan İren də fizika və kimya sahəsində alim oldu, əri Frederik Jolyo Küri ilə birlikdə süni radioaktivlik fenomenini kəşf etdi və buna görə hər ikisi 1935-ci ildə kimya üzrə Nobel mükafatına layiq görüldülər.


Maraqlı fakt: Ay və Marsdakı kraterlər Mariya Küri-Sklodovskanın adını daşıyır. Mariya Küri həm də sürücülük vəsiqəsi alan ilk qadındır.