Şeirlər

Hüseyn Arif. Mən sülhə səs verirəm

Mən sülhə səs verirəm
Milyonlardan biritək.
Qoy bir daha ordular
Üz-üzə dayanmasın.

 

Mən sülhə səs verirəm -
Bombaların səsindən
Beşikdəki körpələr
Hıçqırıb oyanmasın.

 

Mən sülhə səs verirəm -
Böyük kəndlər, şəhərlər
Viran olub qalmasın
Tüstü-duman içində.

 

Mən sülhə səs verirəm -
Qədim abidələri
Yerlə-yeksan etməsin
Toplar bir an içində.

 

Mən sülhə səs verirəm -
Ağ saçlı anaların
Gözləri yaşla dolub
Qəlbi darda qalmasın.