Şeirlər

Musa Yaqub. Payız üşüyür

Nə yaman tez gəldi qışın soyuğu,
Yuvası üşüdür qaratoyuğu,
Payız üşüyür...


 
Bir sərçə sığınıb quru budağa,
Payızın fikrini çəkir deyəsən.
Sünbülotu yerə dikib başını,
Yaza toxumunu əkir deyəsən.
Payız üşüyür...

 

 

 

Gün dəyən əbrüşüm yarpaqlarında
Sanki əllərini isidir payız.
Qızılı yarpaqlar qaralıb bir az,
Elə bil Gədəbəy misidir payız.
Payız üşüyür...

 

Üryanlar titrəyir soyuq küləkdə,
Söhbət indi oddan, körükdən gedir,
Qovaq yelpiklənir gümüşü rəngdə,
Budağın zəhləsi yelpikdən gedir.
Payız üşüyür...

 


Yoxdu yarpağında o zövqü-səfa,
Şehotu üstündə buğlanır hava.
Damlalar böyüyür, düşür torpağa,
Yapışıb qanadı kəpənəklərin
Arılar özünü çəkir qırağa.
Payız üşüyür...

 

Yığılıb bostandan əllər, ətəklər,
Çürük yemişlərin ağarır dişi.
Yığıb arısını qaçır pətəklər,
Şanda arıların yarımçıq işi,
Alıb yarısını qaçır pətəklər.
Payız üşüyür...

 

Addımdan qaralan qırov cığırlar,
Əriyə-əriyə yola çıxırlar.
Payız yoxuşunda sinəm tövşüyür,
Payız üşüyür...