Nağıllar, hekayələr

Mixail Plyatskovski. Yanvar ayında bitən çobanyastığı

Balaca köpək Tyavka və ördək balası Kryaçik həyətdə fırlanan qar dənəciklərinə baxıb şaxtadan titrəyirdilər.

 

- Soyuqdur! – soyuqdan dişləri bir-birinə dəyən balaca Tyavka dedi.

 

- Yayda, təbii ki, daha isti olur... – ördək balası deyib, dimdiyini qanadının altında gizlətdi.

 

- İndi yayın gəlməsini istəyirsən? - Tyavka soruşdu.

 

- Necə? Elə indi?

 

- Əlbəttə!

 

- Əlbətdə istəyirəm, amma bu belə tez baş vermir axı...

 

Tyavka bir kağız parçası və bir qutu rəngli karandaş çıxardı. Bir neçə dəqiqədən sonra o, soyuqdan titrəyən dostuna öz rəsmini göstərdi.

 

Rəsmin hər tərəfində yaşıl otlar cücərir, kiçik çobanyastığı ləçəkləri sanki günəş kimi işıldayırdı. Onların üstündə isə, kağızın bir küncündə əsl yay günəşi parlayırdı.

 

- Yaxşı fikirləşibsən! - ördək balası Tyavkaya tərif söylədi. - Mən heç vaxt yanvar ayında bitən çobanyastığı görməmişdim!

 

Qar hələ də yerə yağırdı. Köpək və ördək balası şən çiçəklərə baxdılar və onlara elə gəldi ki, isti, çobanyastığı ilə bol Yay fəsli gəlib. Artıq heç biri üşümürdü.