Bu maraqlıdır!

Sirli ada Dilos

Antik dövrün müqəddəs adası sayılan “Dilos” və ya “Delos” (Dhilos, Delos, hərfi mənada "almaz", "xəzinə" kimi tərcümə olunur) - Yunanıstanda, Egey dənizinin Kiklad arxipelaqında yerləşən kiçik bir adadır. Ada, Yunanıstanın Mikonos sahilindən 2 km cənub-qərbdə yerləşir. Sahəsi cəmi bir neçə kvadrat kilometrdir. Adanın tarixi iki hissədən ibarətdir - mifoloji və xronoloji.

 

Ada Yunanıstanın ən mühüm mifoloji, tarixi və arxeoloji yerlərindən biridir. Yaşayış olmayan Dilos adası unikal yerdir, əslində nəhəng, açıq səma altında muzeydir. Bu yerlərdə arxeoloji qazıntılar 1873-cü ildə Afinadakı Fransız Arxeoloji Məktəbinin nəzarəti altında başlayıb. Aralıq dənizi boyunca aparılan ən böyük qazıntılardan biri hesab olunur.

 

Adanın ən hündür nöqtəsi Kinf zirvəsidir. Qədim dövrlərdə Dilos adası yunanlar üçün müqəddəs bir yer olmuşdur. Qədim yunan mifologiyasına görə, Apollon və Artemida tanrıları məhz müqəddəs Delos adasında doğulub. Yunanlar, əkizlərin atasının Olimpiya tanrısı Zevs, anasının isə ilahə Leto (Latona) olduğunu hesab edirdilər. Qısqanc Hera, olimpiya tanrısı Zevsin bacısı və arvadı, Letonun ayağının möhkəm torpağa dəyməsini qadağan etdikdən sonra, Letonun əkizləri dünyaya gətirdiyi yerdən, dənizin dərinliklərindən Asteriya adası (yunan dilindən tərcümədə "ulduz") meydana çıxdı. Dənizin uçurumundan möcüzəvi şəkildə üzə çıxan ada o vaxtdan bəri Delos kimi tanınır.

 

Arxeoloji qazıntılar göstərdi ki, burada həyat hələ eramızdan əvvəl 3-cü minillikdə mövcud olub, lakin o dövrdə adada məskunlaşan sakinlərin mənşəyi haqqında etibarlı məlumat yoxdur. Ada uzun müddət mühüm dini və iqtisadi mərkəz olmuşdur (yerləşdiyi yerə və ticarət limanının mövcudluğuna görə). Adada qul bazarı və Egey dənizinin ən böyük taxıl bazarı yerləşirdi. Çoxəsrlik tarixi boyunca Dilos bir neçə dəfə və eramızdan əvvəl I-ci əsrin sonlarında sahiblərini dəyişdi, tənəzzülə uğradı və get-gedə tamamilə süqut etdi.

 

Adada Apollon məbədi, Leto məbədi və Dionis evi kimi çoxlu tarixi memarlıq abidələri var. Adadakı tək çay - İnopdur. Çay yağış zamanı daşır. Adada çoxlu sayda maraqlı artefaktlar, heykəltəraşlıq və memarlıq şedevrləri aşkar edilmişdir. Hər bir tapıntının yaxınlığında ətraflı təsviri olan lövhələr var. Ən məşhur tapıntılara Apollona həsr olunmuş Şirlər Terrası (e.ə. 600) daxildir. Mərmərdən oyulmuş şirlər Müqəddəs Yolun kənarlarında yerləşirdi. Əvvəlcə 9-dan 12-yə qədər şir var idi, lakin bu günə yalnız 7-si qalmışdır.

 

Bu gün adada əsasən nüsxələr var, əsl heykəllərin orijinalları müxtəlif muzeylərdə saxlanılır.

 

Əsas görməli yerlər arasında pantera üzərində Dionisisin təsvir olunduğu, mozaikalı döşəməsi olan Dionis Evi (e.ə. II əsr) və Delfinlər Evi daxildir. Həmçinin adada Dilos sinaqoqunun xarabalıqları var (məlum olan ən qədim sinaqoqdur).

 

Bu gün ada məşhur turizm məkanıdır. Burada tapılan çoxlu sayda artefakt Dilos Arxeologiya Muzeyində və Afina Milli Arxeologiya Muzeyində nümayiş etdirilir.

 

1990-cı ildən Dilos adası YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.