Nağıllar, hekayələr

Əzizə Əhmədova. Ana laylası

Kəndin kənarında cavan bir meşə vardı. Meşənin salındığı vaxtı çoxları xatırlayırdı. Şüvərək ağaclar cərgəylə boy atmış, qol-budaq uzatmadılar. Günlərin bir günü kəndin adamları gördülər ki, əkilən sahə əməllicə bir meşə olub. Bu ara meşədən qarğalar xəbər tutdular, qarıldayıb aləmə səs saldılar. Quşlar, heyvanlar axışıb cavan meşəyə gəldilər. Yuva tikməyə, məskən salmağa başladılar. Cavan meşənin təzə heyvanları balaladılar, körpəcə quşların səsi meşəni başına götürdü. Sakit meşə birdən-birə canlandı, səsləndi. Quşlar pırıldayıb ağacdan-ağaca qonur, kolların dibində eşələnib özlərinə yem axtarırdılar. Heyvanlar, quşlar körpəcə balalarını bəsləməyə başladılar.

 

Kirpi nəyi isə çəkə-çəkə yuvasına dartırdı. Sığırçınlar, qaranquşlar hara isə uçub gedir, ağızlarında yem tezcə də yuvalarına qayıdırdılar.

 

Bir gön Qarğa Kirpiyə dedi:

— Ay Kirpi bacı, hardasan, çoxdan gözümə dəymirsən?

Kirpi başını qaldırdı, qonşusu qarğanı görüb dedi:

— Heç soruşma, Qarğa bacı, başımı qaşımağa macal tapmıram.

— Niyə ki?

— Qarğa təəccübləndi.

— Başını qatan nədir? De, bəlkə, köməyim dəydi! De!

— Balalarım. Elə də çox yeyirlər ki, yuvaya yemək gətirməkdən yorulmuşam. Gedirəm yenə də yem axtarmağa. Nə edim? Körpələri ac qoya bilmərəm ki?!

— Hə, belə de, ürəyini qısma, elə mən özüm də sənin günündəyəm.

— Yəni sənin də balaların belə çox yeyir? Heç inana bilmərəm.

— Maşallah de, körpələri gözə gətirərsən, — Qarğa yem daşımaqdan yorulmuş ana Kirpiyə acıqlandı.

— Elə bilirsən, təkcə sən yem daşıyırsan? Mən burdaca oturub baxıram. Hamı daşıyır. Hələ qaranquşlardan xəbərin yoxdur. Körpəcə qaranquşlar elə acgözdürlər ki! Yazıq anaları bütün günü rahatlıq bilmirlər.

— Hə, hə, düz deyirsən! Mən də görmüşəm, sarı dimdikli ağızlarını dudkeş kimi açıb dururlar. Hövsələləri çatmır, titrəyə-titrəyə yem gözləyirlər.

— Görən, bu qədər yemi necə yeyirlər, onlara ağırlıq eləmir?!

— Ağırlıq eləsə, yeməzlər ki...

Günlər ötüb keçirdi. Artıq balalar bir qədər böyümüşdülər. Daha özlərinə yem axtarıb tapa bilirdilər. Bütün günü çığırışır, oynaşırdılar. Axşam olcaq yuvalarına çəkilirdilər, analarına sığınıb yatmırdılar. Analar da balalarına layla deyirdi.


Bir gön meşədə mübahisə düşdü. Hamı öz laylasını tərifləyir, onu dünyanın ən gözəl laylası sayırdı.

Kirpi dedi:

— Yer üzündə ən gözəl layla biz kirpilərin laylasıdır. Bəli, bəli! Bizim laylamızı eşidəndə heyvanların qəzəbi soyuyur, onlar bəd əməllərindən əl çəkirlər; elə mülayim, elə yumşaq olurlar ki!

Heyvanlar dedilər:
— Bir oxu görək!
Kirpi oxudu:
 
 
Darağı neylər balam,
Tikanları daraqdır.
Balam hələ yatmayıb,
Balam hələ oyaqdır.
 
Dovşanlar qəti etiraz edib bir səslə söylədilər:
 
— Yox, Kirpi bacı, elə şey yoxdur, bizim laylamız sizinkindən yaxşıdır. Ən gözəl laylanı ana dovşanlar deyir. Bir qulaq as:
 
Mənim atılıb-düşən,
Oynağan dovşan balam,
Meh vurur, ətir saçır
Yuxuna yovşan, balam!
 
Bu laylanı eşidən Qarğa güldü:
 
— Eh, gör nəyi tərifləyirlər. Yəqin, biz qarğaların laylasını eşitsəniz, ömrünüz boyu ancaq onu oxuyarsınız:
 
 
Qar-qar edər qarğalar,
Budaqları yırğalar.
Tez yatar, tez oyanar,
Tənbəl olmaz qarğalar.
 
Qarğanın laylasını eşidən Bülbül cəh-cəh vurdu:
 
Cəh-cəh vurub qaçaram,
Bağda qanad açaram.
Qızılgüllər açanda,
Nəğmə deyib uçaram.
 
Bülbülün məlahətli səsini eşidən kimi heyvanlar və quşlar susdular. Hamısı ən gözəl laylanın Bülbül laylası olduğunu söyləmək istəyirdi ki, kənddən gələn həzin bir səs ətrafa yayıldı:
Laylay dedim, yatasan,
Qızılgülə batasan.
Qızılgülün içində
Şirin yuxu tapasan.
 
 
— Ah, nə gözəl layladır! — Kirpi özünü saxlaya bilmədi.
 
Hamı kəndə sarı boylandı. Onlar bilmək istəyirdi ki, oxuyan kimdir.
 
Qarğa dedi:
 
— Bax bu layla, doğrudan da, gözəldir! Görən, kimdir onu oxuyan?
 
Bülbül qəhərləndi, dedi:
 
— Mən bilirəm, laylanı oxuyan Anadır, insanların Anası!
 
— Nədən bildin?
 
— Bir vaxtlar insanların evində qəfəsdə yaşayanda bu mahnını eşitmişəm. Ana oxuyar, mən dinləməkdən doymazdım. Mənə belə gəlir ki, dönyanın ən gözəl laylası Ana laylasıdır. Gəlin biz də bu laylanı öyrənib balalarımıza oxuyaq.
 
Bülbülün təklifi hamının xoşuna gəldi.
 
Dovşan dedi:
 
— Mən bundan belə balalarıma bu laylanı oxuyacağam.
 
Qarğa dedi:
 
— Mən də!
 
Kirpi dedi:
 
— Mən də!
 
O vaxtdan cavan meşədə yaşayan heyvanlar toran qovuşanda kənddən yayılan Ana laylasını dinləyir, sonra o laylanı öz laylalarına qatıb balalarına oxuyurlar:
 
Balam, layla, a layla!
Gülüm, layla, a layla!
Layla dedim adına,
Haqq yetişsin dadına.
Hər layla eşidəndə
Balam düşər yadıma.
Balam, layla, a layla,
Gülüm, layla, a layla!