Bu maraqlıdır!

Termometrin kəşfi

Temperaturu ölçmənin əvəzsiz cihazı olan termometr tibbin əsas avadanlıqlarındandır. Adətən bu cihazın yaradıcısı olaraq Qalileo Qalileyi iddia edirlər. Qaliley qazların isti şəraitdə genişləndikləri nəzəriyyəsindən yola çıxaraq bu cihazda dərəcəni qazla müəyyən etmə üsulunu tətbiq etmişdi. Lakin o, dəqiq temperaturu ölçməkdə yararlı olmadığı üçün termometr yox, termoskop hesab edildi.

 

İlk termometrin ixtiraçısı italyan həkim Santorio Santoriodur. Onun hazırladığı cihaz hava ölçən idi. Santorio Qalileyin icadına tərəzi və şkala əlavə etmişdi. Qazın maye ilə əvəzlənməsi termometrin dəqiqlik xüsusiyyətini kəskinləşdirən vasitə olmuşdu.

 

Müasir istilikölçənin yaradıcısı Daniel Qabriel Farengeytdir. O, 1714-cü ildə şəffaf şüşədə hazırladığı cihaza parlaq gümüşü rəngli mayeni - civəni daxil edərək böyük uğura imza atmışdı. Dərəcələri müəyyən etmək üçün suyun donma və qaynama nöqtələrini böldü. Suyun donma nöqtəsini 32 dərəcə, qaynama nöqtəsini 212 dərəcə, normal bədən istiliyini isə 98,6 dərəcə təyin etmişdi.

 

Farengeyt ölçü cihazından əlavə günümüzdə ən çox istifadə edilən temperatur şkalası olan “Selsi” isə 1742-ci ildə Anders Selsi tərəfindən icad edilib. İsveçli alim suyun donma və qaynama nöqtələrini 100 dərəcəyə bölərək 0 dərəcəni qaynama, 100 dərəcəni isə donma dərəcəsi kimi müəyyən etmişdi. Lakin bir il sonra Selsi şkalası tərsinə çevrilərək (0 dərəcə donma, 100 dərəcə qaynama) istehsal edildi. Burada normal bədən hərarətinin 37 dərəcə olduğu da qəbul edilmişdi.

 

Növbəti, 3-cü şkala Kelvindir. Lord Kelvinin 1848-ci ilə aid bu istilikölçəni isti və soyuğun son hədlərini ölçür. Kelvin şkalası Selsi ilə eyni vahidlərdən istifadə edir, lakin o, hava da daxil olmaqla, hər şeyin ən son həddə donduğu temperaturda mütləq sıfırdan başlayır. Kelvində sıfır dərəcə mənfi 273 dərəcə Selsiyə bərabərdir.

 

Beləliklə, bütün bu kəşflər əsasında ilk tibbi termometri 1867-ci ildə fizik Tomas Olbut hazırlayıb. Bu cihazla insanın hərarətini ölçmək təxminən beş dəqiqə çəkirdi. Yüz ildən çoxdur ki, termometrlər əsasən dəyişməyib. Bu gün temperaturu ölçən müasir istilikölçənlərə elektron sensorlar da əlavə edilib. Lakin dəyişməyən həqiqət odur ki, rəqəmsal cihazlarda belə Farengeyt və Selsi tərəfindən hazırlanmış eyni adlı şkalalar yer alır.