Nağıllar, hekayələr

Şah Abbas və qarı

Belə deyirlər ki, Şah oğlu Şah Abbas neçə dəfə idi ki, Tiflisə hücum edirmiş, ancaq məğlub olub geri çəkilirmiş. Şah Abbas bu dəfə də Tiflisə hücum edir. Qoşun şəhərə dolur və mühasirəyə düşür. Şah Abbas birtəhər aradan çıxır. Dərviş paltarı geyinərək  pay-piyada İrana tərəf üz tutur. Gəlhagəl ,gəlib Qazaxda bir kəndə çıxır. Bu kəndə “Tağarbəyli” deyirlərmiş. Kəndin girəcəyində daxmada Sübhanverdi adlı bir qarı yaşayırmış.


Şah daxmanın qapısını döyür. Sübhanverdi qarı eşiyə çıxanda ona deyir:


- Allah qonağı istəmirsənmi, ay qarı?


- Niyə istəmirəm, Allaha da qurban olum, qonağına da,- deyə qarı onu içəri dəvət edir.


Şah Abbas keçib bir tərəfdə əyləşir.


Bu qarının bir oğlu varmış, naxırçılıq edirmiş. Onun adı da Abbas imiş, Sübhanverdi qarının vardan-dövlətdən bir inəyi, bir iti, bir də bir qazanı varmış. Həmin qazanda qabaqca yal çalıb itə verər, qazanı yuyar, sonra da inəyi sağib özlərinə horra bişirərdi. İndi qonağa görə tələsdiyi üçün itin yalını yalağa isti-isti tökdü ki, horra bişirsin. İt elə bildi, yal soyuyub, dilini yala çalan kimi zingildəyib geri çəkildi, qarının üzünə qanlı-qanlı baxdı.


Qarı acıqlı-acıqlı dedi:


- Bıy, başına daş düşsün, Şah oğlu Şah Abbas kimi tələsib özünü niyə məğmun eləyirsən. Yalağın qıraqlarını yalaya-yalaya yesən, içi də ağzını belə bişirməz.


Şah Abbas öz hesabını götürdü. İrana qayıdıb qoşun topladı. Bu dəfə qarının dediyi kimi elədi:


Tiflisi mühasirəyə aldı, çarəsiz qalan gürcülər təslim oldular.


Təslim olmağı adına sığışdırmayan gürcü hökmdarı Tamara yanına yeddi adam çağırdı, onlara əmr etdi ki, filan yerdə qəbir qazın, sonra da bura gəlin, burada bir tabut olacaq, onu aparıb həmin qəbirə qoyun  və yenə bura qayıdın. Sonra yeddi fərraşa tapşırdı ki, gecə filan vaxtı saraya yeddi adam daxil olacaq, onları öldürün. Qardaşlarına da dedi ki, bu gecə qarovulda duran yeddi fəraşı öldürərsiniz. Tamara bunları deyib qızıldan hazırlanmış tabutun içinə girdi və özünü öldürdü. Onun bütün tapşırıqları yerinə yetirildi. Səhər açılanda Tamaranı nə qardaşları tapdı, nə də, Şah Abbasın adamları. Onun necə qeybə çıxması da o vaxtdan naməlum qaldı.


Şah Abbas Tiflisi aldı və Gəncəyə qayıtdı. Oradan Qazaxa çapar göndərdi və ona tapşırdı:


- Gedərsən Qazax mahalına. Orada Tağarbəyli kəndi var. O kənddə Sübhanverdi adlı bir qarı yaşayır. Onu oğlu Abbasla mənim yanıma gətirərsən.


Çapar gedib qarını tapdı. Şah Abbasın əmrini  qarıya və oğluna söylədi. Qarı qorxdu, öz-özünə dedi ki, görəsən biz nə günahın sahibiyik?


Onlar saraya gəldilər. Qapıdan içəri girən kimi qarı diz çökdü. Şah Abbas yerindən qalxıb onu ayağa qaldırdı və dedi:


- Qarı məni tanıyırsan?


- Yox, - deyə qarı dilləndi.


Şah Abbas qarının o vaxt dediyi sözləri ona xatırlatdı:


- Mən həmin qonağam, Şah Abbasam.


Qarı titrədi. Qorxdu ki, şah o sözə görə, özü heç, oğlunun boynunu vurdura. Şah Abbas dedi:


- Qarı, o sözdən mən çox şey götürdüm. Bu qələbəm də, o sözə görə oldu. Tağarbəyli kəndini sənin oğlunun adı ilə Abbasbəyli kəndi qoyuram, özünü də həmin kəndə bəy təyin edirəm.


Deyirlər ki, Tağarbəyli kəndi həmin vaxtdan Abbasbəyli kəndi adlanır.