Şeirlər

Xanımana Əlibəyli. Ayran daşıyan

Nəfəsi çox təng olur,

Hey tələsir bir oğlan,

- Çiynində səhəng olur,

İçində sərin ayran.

 

 

O hara qoyub gedir

Gömgöy bağı, həyəti?

Bu gün qırx dərəcədir

Havanın hərarəti.

 

 

Oğlan çölə düz nahar

Vaxtı gəlib yetişir.

Yanaşıb kolxozçular

Bumbuz ayrandan içir.

 

 

 

İçilir sərin ayran,

O, səhəngi boş gəlir.

Baxıram heyran – heyran,

O, mənə çox xoş gəlir.