Odlar Yurdu

Azərbaycanda turizm

Dünyada ən gəlirli sahələrdən biri hesab olunan turizm fəal istirahətin ən geniş yayılan, eyni zamanda ən kütləvi növüdür. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur.  İl ərzində iş və təhsil prosesində tədricən yığılan yorğunluğun, psixoloji və emosional gərginliyin aradan qaldırılmasında günəş, hava və su əvəzolunmaz amillərdir. Dəniz səyahətləri, sanatoriya, kurort və istirahət evlərində dincəlmək sağlamlığın qorunması, orqanizmin möhkəmləndirilməsi, yorğunluğun çıxması üçün olduqca vacibdir. 
 
Azərbaycanda turizmin inkişafı üçün böyük potensial var. Təbiəti, iqlimi, tarixi abidələri, mətbəxi, xalqımızın zəngin mədəniyyəti və digər amillər turizmin bir çox növlərinin inkişafına zəmin yaradır. Bütün bunlar turistlərin Azərbaycana marağını ilbəil artırır. Ölkəmizin turizm sektoru, həmçinin gəzməli yerləri, mədəniyyət ocaqları və müasir turizm kompleksləri baxımından da geniş imkanlara malikdir. Burada turistlərin bütün il boyu istirahət etmələri üçün hər cür şərait vardır.
 
"Şahdağ" qış-yay turizm kompleksinin istifadəyə verilməsi ilin bütün fəsillərində qış idman növləri həvəskarlarının bu idman növü ilə məşğul olmasına imkan yaradır. Kompleks gün ərzində 5 min turisti qəbul edə bilir.  Quba-Qusar, Şəki-Zaqatala, Şamaxı-İsmayıllı, Lənkəran-Astara bölgələri, Bakı və Abşeron yarımadası, Naxçıvan və Gəncənin tarixi yerləri turistlərin xüsusilə maraq göstərdikləri yerlərdir.
 
Qədim abidələrlə zəngin olan Qəbələ rayonuna hər il 40 minə yaxın yerli və xarici turist səfər edir. Turistlərin bu marağı həm bölgənin təbiətinin, iqliminin, həm də tarixi abidələrinin və müasir istirahət obyektlərinin olması ilə bağlıdır. Eyni zamanda Qəbələnin 10-dan artıq yerli və beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi bura işgüzar səfərə və istirahətə gələnlərin sayının da artmasına səbəb olub. 
 
Azərbaycanda turizm bölgəsi kimi ən çox önəm verilən digər bir şəhərimiz isə Şəkidir. Qədim Alban kilsələri, Şəki xanlığına aid abidələr, həmçinin gözəl təbiət və səfalı iqlim turistləri bu bölgəyə cəlb edən əsas amillərdəndir. Azərbaycanın şəhər və rayonları diyarşünaslıq, folklor və sənətkarlıq baxımından da bir sıra özəlliklərə malikdir. Bu baxımdan Şabran şəhəri Azərbaycanın “Əfsanələr Paytaxtı”, Lənkəran şəhəri “Folklor Paytaxtı”, İsmayıllı şəhəri isə  “Sənətkarlıq Paytaxtı” elan edilib. Bu bölgələrdə il ərzində adlarına uyğun olaraq təntənəli mərasimlər, konsertlər, müsabiqələr, festivallar, sərgilər, informasiya turları və digər tədbirlər təşkil edilir.
 
“Sənətkarlıq Paytaxtı” olan İsmayıllıda xalqımızın adət-ənənələrini qoruyub saxlayan, kəlağayısı ilə məşhur olan Basqal, misgərlik sənətini yaşadan Lahıc turistlərin ən çox səfər etdikləri məkandır. Əfsanələrlə dolu Şabran şəhərində aparılan arxeoloji qazıntılar nəticəsində burda yaşayışın eramızın əvvəllərindən XVIII əsrədək davam etdiyi müəyyən edilib. Bəzi tarixçilər Şabranın Şirvanşahlar dövlətinin ilk paytaxtı olduğunu qeyd edirlər. Onların fikrincə Şabranın bu statusu IX əsrə qədər, yəni Şamaxı şəhəri yüksələnədək davam edib. Şəhərin Şirvanşahların iqamətgahı olmasını sübut edən faktlardan biri də burada Şirvanşahlar nəslinə aid sərdabənin olmasıdır. 
 
Bənzərsiz folkloru ilə tanınan Lənkəranın dəniz sahilində yerləşməsi, əsrlər boyu karvan yollarının üstündə olması onun iqtisadi və mədəni inkişafını təmin edən əsas amillərdir. Lənkəranın zəngin folklor mədəniyyətini, folklor qruplarının çıxışlarını təkcə bu bölgədə deyil, Azərbaycanın hər yerində sevir və maraqla izləyirlər.
 
Azərbaycanın turizm bölgəsi kimi tanınmasında Nabranda və Qəbələdə yerləşən beynəlxalq əhəmiyyətli turizm mərkəzlərinin, Şamaxıda Astrofizika Rəsədxanasının və dağ-turizm bazasının yaradılmasının, İsmayıllıda qədim qalaların, Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunun, Şəkidəki qədim tarixi abidələrin böyük əhəmiyyəti var.