Şeirlər

Sevinc Nuruqızı. Ağıllı oğlan

Bunu hamı bilir ki,

Mən ağıllı oğlanam.

Elə ona görə də

Çox sevir məni anam.

 

 

Yol ötən bir nənənin

Çantasını alıram.

Sonra qolundan tutub

Onu yola salıram.

 

 

Təmizkar oğlanam mən

Yerə zibil atmıram.

Qızların hörüyünü

Tutub bərk-bərk dartmıram.

 

 

Qarışqa yuvasını

Çəpərə alıram mən.

Məstanın qayğısına

Hər zaman qalıram mən.

 

 

Bunu hamı bilir ki,

Mən ağıllı oğlanam.

Elə ona görə də

Çox sevir məni anam.