Görkəmli şəxsiyyətlər

Səyyah Xuan Sebastyan Elkano

İspan səyyahı Xuan Sebastyan del Kano (sonralar soyad Elkano ilə dəyişdirildi) -  ilk dünya səyahəti etmiş 18 səyyahdan biridir. Elkano, Magellanın ölümündən sonar onun ekspedisiyasına rəhbərlik etməsi ilə məşhurdur. O, 8 sentyabr 1522-ci ildə ekspedisiyanı başa çatdıraraq, Viktoriya gəmisini Cənub-Şərqi Asiyadan İspaniyaya gətirməyi bacarmışdır. Elkanonun geri qayıtması çox riskli idi, çünki portuqallarla toqquşmaların qarşısını almaq üçün o, Viktoriyanı Hind okeanının cənub sularından sahilə yaxınlaşmadan idarə edirdi. "Ədviyyat adaları"ndan sonra qərbə səyahətini davam etdirəcəyini düşünməyən Magellandan fərqli olaraq, Elkano bilərəkdən dünyanı dolaşan bir marşrut seçdi. Elkano, 18 mart 1522-ci ildə Amsterdam adasını kəşf etdi, lakin ona ad vermədi. Bu ekspedisiyaya görə, Kral I Karlos (və ya İmperator V Çarlz) Elkanonu göstərdiyi xidmətə görə layiqincə təşəkkür etdi, onu zadəgan titulu və üzərində yer kürəsinin təsviri və üzərində "Primus circumdedisti me" ("Ətrafıma ilk keçən sən idin") yazısı olan  şəxsi gerb ilə təltif etdi, həmçinin illik pensiya təyin etdi. Onun hekayələri əsasında imperatorun katibi Maksimilian Transilvan, Avropada böyük şöhrət qazanan ilk səyahət hesabatını tərtib etdi.

 

Xuan Sebastyan Elkano, 1480-ci ildə San Sebastyandan 15 kilometr qərbdə, Biscay Körfəzi sahilindəki kiçik bir balıqçı kəndi Getariada anadan olmuşdur. 1510-cu ildə bir gəminin sahibi və kapitanı olan Elkano, Tripolinin mühasirəsində iştirak etdi. İspan xəzinədarlığı Elkanoya gəminin heyəti ilə hesablaşmaq üçün pul verməkdən imtina etdikdə, Elkano gəmini satdı və ekipajla hesablaşdı. O zamanlar gəminin satılması ağır cinayət sayılırdı və Elkano Sevilyaya qaçmaq məcburiyyətində qaldı. Orada o, İspaniya kralı I Çarlzın əmri ilə dünyanı dövrə vurmaq üçün ekspedisiya hazırlayan Fernand Magellanla yaxından tanış olan həmkarı İbarolla ilə tanış oldu. Xüsusi gəmiçilik kurslarını bitirdikdən sonra Elkano dənizçi kimi Fernan Magellanın gəmisinə işə düzəlməyi bacarır. 

 

20 sentyabr 1519-cu ildə Portuqaliyalı səyyah Fernand Magellanın komandanlığı ilə 270 nəfərlik heyət (digər mənbələrə görə 265 nəfər) Trinidad, San Antonio, Konsepsion, Viktoriya və Santya adlı beş gəmi ilə San Lukar limanından yola düşərək Braziliya sahillərinə doğru üzdü. Fernand Magellanın 1521-ci il aprelin 21-də Matan adasında (Filippin) yerli qəbilələrlə toqquşması barəsində, ölümündən əvvəl səyahətin necə keçdiyi və dənizçilərin sonrakı sərgüzəştləri haqqında məlumatları ekspedisiyanın italyan üzvü Antoniyo Piqafetta öz gündəliyində ətraflı təsvir etmişdir. O, hər gün bütün hadisələri səliqəli şəkildə qeyd edirdi. O, gündəliklərini saxlayaraq möcüzəvi şəkildə sağ qalmağı və digər 18 dənizçi arasında Sevilyaya qayıtmağı bacardı. Onun sayəsində bəşəriyyət ekspedisiya iştirakçılarının hansı əziyyətlərdən keçdiyini öyrəndi və onların aclıq, soyuq, xəstəlik, toqquşmalar, şiddətli qasırğalar, bir neçə gəminin məhv olması və ekipaj üzvlərinin ölmələri barəsində geniş məlumata nail oldu. 

 

Heç kim dünyanın bu qədər nəhəng olduğunu təsəvvür etmirdi. Məsələn, Magellan üç-dörd günə Sakit okeanı keçməyə ümid edirdi. Əslində isə, Odlar boğazında (Magellan boğazı) Mariana adalarına səyahət 100 gündən çox çəkdi. 1521-ci ilin noyabrında gəmilərdən yalnız Trinidad və Viktoriya, habelə ekipaj üzvlərindən sadəcə 115 nəfər sağ qalmağı bacardı. Dənizçilər arasında çoxları yorğun idi, çoxları sinqa xəstəliyindən əziyyət çəkirdi, hər həftə kimsə ölürdü. "Trinidad"ı Moluk adasında tərk etmək qərara alındı. Juan Sebastyan Elkano "Viktoriya"nın kapitanı oldu. Qalan dənizçilərdən heç biri nə vaxtsa vətənlərini görəcəklərinə inanmırdı. Onlar sağ qalmaq üçün gəmi siçovullarını yeməli oldular. Lakin, Elkano qurd basmış gəmisini, xəstəlikdən və aclıqdan pərişan olan dənizçilərlə birlikdə, bütün Hind okeanı boyunca, daha sonra Afrikanın qərb sahili boyunca idarə edərək, öz doğma limanına çatdıra bilmişdi. Ekipajın üçdə biri bu son səyahət zamanı aclıqdan və xəstəlikdən öldü, 13 nəfər Afrika sahillərindəki Kabo-Verde adalarında (Yaşıl Burun Adaları) portuqallar tərəfindən saxlanıldı. Yalnız 18 şanslı insan, 1522-ci il sentyabrın 8-də Qvadalkvivir çayının mənsəbinə, oradan da Sevilyaya qayıda bildi. Antonio Piqafettanın qeydlərində və gündəliyində bu tarix 7 sentyabra təsadüf edirdi. Beləliklə, dünya ətrafında ilk səyahət başa çatdı. Elkano qazancının bir hissəsini gətirdiyi ədviyyatların satışından da əldə edib.

 

1525-ci ildə Elkano eyni marşrut üzrə yeni bir ekspedisiyaya başladı və Admiral Qarsia de Loaysın ölümündən sonra yenidən donanma komandanlığını öz üzərinə götürdü. Lakin əvvəl əldə etdiyi uğuru təkrarlamaq ona qismət olmadı. Xuan Sebastyan Elkano 1526-cı il avqustun 4-də Sakit Okeanın ortasında öz gəmisində xəstəlikdən dünyasını dəyişdi. Bu ekspedisiyanın 450-dən çox iştirakçısından yalnız beşi, on bir ildən sonra vətənə qayıtmağa nail ola bildi.  

 

Tarix dərsliklərində Xuan Sebastyan Elkano özünü Fernand Magellanın şöhrətinin kölgəsində tapsa da, vətəni İspaniyada o, bügündə xatırlanır və hörmətlə qarşılanır. İspaniya Hərbi Dəniz Qüvvələrində təlim gəmilərindən biri Elkanonun adını daşıyır.

 

San Sebastyandakı San Telmo Muzeyində rəssam Salaverrianın “Viktoriyanın qayıdışı” tablosu saxlanılır. Rəsmdə ağ paltarlı arıq, saqqallı kişilər nərdivanla Sevilya sahilinə enirlər. Onların hər biri əlində yanan şam var. Qabaqda isə, onların kapitanı Xuan Sebastyan Elkano dayanıb.