Ənvər Rza. Maşuk meşəsi
Ağaclar dırmaşıb dəcəl uşaqtək
Dağın zirvəsinə yamacla, yolla.
Tamaşa etməyə bir cüt göz gərək –
Meşə bəhsə girib göylə, maşallah!
Burdakı quşlara heç kim deməz “kiş!”
Bu gün yaman qar var, yaman boran var.
Evdə balasını yedizdirməmiş
Meşədə quşlara dən aparan var.
A yorğun əsəbim, dincini bir al!
Pərtliyim, bığımı yenə çeynəmə.
Dizimi yalayır körpə bir maral,
Bir cüt sarıköynək qonub çiynimə.
Baxışım heyrətdə, gözüm heyrətdə;
Elə bil nadanam, görməmişəm mən.
İnsanı, heyvanı belə ülfətdə,
Belə ünsiyyətdə görməmişəm mən.
Maral duzağıdır meşə başabaş,
Nə güllə səsi var, nə bir səksəkə.
Bu meşə uzadıb sağ əlini kaş
Bizim meşələrin başına çəkə!...