Şeirlər

Nəbi Xəzri. At, övlad və torpaq

Çaparlar yollarda duman qopardı.
Çatdı hökmdardan xaqana xəbər:
- Gözəl ağ atını sən mənə göndər!
“Ağ atı verəkmi?! At ki qanaddır!”
Xaqan çox düşündü, o, qəmə batdı.
Dedi: Qan düşməsin bir atın üstdə.

 

 

İl keçdi...
Çatdı hökmdardan xaqana xəbər:
- Ortancıl oğlunu sən mənə göndər,
Mənim qoşunumda əsgərlik etsin.
Yox, yox! Ağ atıma mehtərlik etsin!
“Övladdan əl çəkək? Övlad muraddır!”
Xaqan çox düşündü, o, qəmə batdı.
Dedi: Qan düşməsin bir oğul üstdə.

 

 

Dünyaya nur saçan erkən bahardı,
Çaparlar yollarda duman qopardı:
- Daha darlıq edir burda yer mənə.
Qonşu torpaqları, xaqan, ver mənə!
“Yadlar hakim olsun yurdumda mənim?”
Gəldi məsləhətə el dəstə-dəstə:
- Vecsiz torpaqlardır, qoy verək getsin.
- Kol-kos da bitməyir o şoran düzdə.

 

 

 

Xaqan öz yerindən qalxdı kədərlə:

Niyə torpağımı mən verim yada?!
Torpaq mənim deyil,
Xalqındır torpaq!
Babamdan bu torpaq mənə mirasdır!
Bu torpaq üstündə ölsəm də, azdır!
Gəl, düşmən, yasını görəcək aləm!
Sənə özün boyda torpaq verərəm!
 

... Çaparlar qorxudan geri çapdılar,
Yadlar bu torpaqda qəbir tapdılar....