Bu maraqlıdır!

Musiqidə mübarizə mövzusu

«İldırımlı yollarla» baletini Qara Qarayev Leninqrad (indiki Sankt-Peterburq) Akademik Opera və Balet Teatrının sifarişi ilə yazmış və əsər 1958-ci ildə tamaşaya qoyulmuşdur. Baletin mövzusu Cənubi Afrika yazıçısı Piter Abrahamsın eyniadlı romanından götürülmüşdür. Əsərin libretto müəllifi Yuri Slonimski, xoreoqrafı isə Pyotr Qusevdir.

 

«İldırımlı yollarla» baletində irqi ayrı-seçkilik, müstəmləkəçiliyə qarşı mübarizə musiqi və xoreoqrafiya vasitəsilə öz əksini tapır.

 

Universiteti bitirmiş zənci Lenni öz kəndinə gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmaq üçün qayıdıb. Valideynləri və dostları onun gəlişinə sevinir, bu münasibətlə şənlik edirlər. Sevinməyən yalnız ağdərili cənab müstəmləkəçi Gert Vilyerdir. Lenni dərs keçdiyi zaman qonşu kənddən uşaqlar müəllimləri Mako ilə onun yanına gəlirlər. Onlar bir yerdə rəqs etməyə başlayırlar. Bu, Gertin xoşuna gəlmir və ona görə də məktəbi bağlamağı əmr edir.

 

Lenni və Mako işğalçıların iç üzünü açırlar. Ağlar tonqalda Lenni və onun sevgilisi Sarini yandırırlar. Mako xalqı mübarizəyə çağırır: «Bəsdir, bizi alçaltdılar, təhqir etdilər! Mübarizə — yolumuz budur!»