Şeirlər

Alməmməd İsgəndərli. Vətən qeyrəti

İstəyirəm bağ salım
Təbiətin qoynunda,
Bu Şirvan torpağında
Bir çayın qırağında.

 


Çəpər çəkməyim ona,
Soraq çatsın hər yana.
O, şan-şöhrət gətirsin
Anam Azərbaycana.

 


Qoy Lənkərandan limon,
Astaradan naringi,
Bakıdan şanı gəlsin,
Əkim, ruhum dincəlsin.

 


Qubanın ağ almasın,
Gavalısın, qaysısın,
Göyçaydan nar gətirim,
Ağdaşın da heyvasın.

 


Qoz-fındığı Şəkidən,
Ya da Qaxdan gətirəm.
Naxçıvandan şaftalı
Gərək gətirib əkəm.

 

Şahdağın ətəyindən,
Bulaqlar göbəyindən
Dupduru göz yaşı tək
Suyu çəkib gətirək.

 


Bu ölkəyə bir daha
O uzaq Afrikadan,
Ya da Amerikadan
Qoy yad meyvə gəlməsin.

 


Hər bir uşaq, hər körpə,
Deyirəm ki, qoy gəlib,
Bu bağın bəhərindən–
Meyvələrindən yesin.

 


Damağında qoy qalsın
Hər meyvənin xoş dadı,
Bu bağdan bəhrələnsin
Doğma vətən övladı.

 


Özünə çəksin onu
Azərbaycan torpağı,
Meyvəsi baldan şirin
Hər bostanı, hər bağı.

 


Qoy çağırmasın onu
Avropa, ya Afrika.
Yaddaşda kök salmasın
Rusiya, Amerika.

 


Gəzdiyi yer Naxçıvan,
Qusar, ya Xaçmaz olsun.

Vətən suyundan içsin,
Qəlbinə fərəh dolsun.

 


Bəlkə onda hər kəsin
Yadında torpaq olar.
Vətənin hər qarışı
Yaddaşına yazılar.

 


Dilində vətən sözü,
Canında vətən düzü.
Qanı doğma qanımdan,
Qanında vətən özü.

 


Təmizlənər damarı,
Qanı axar, durular.
Bəlkə onda hər kəsdə
Vətən qeyrəti olar.