İki pişik balası
İki pişik balası
Balacaydı necə də!
Başladılar vuruşa
Bir tufanlı gecədə.
Biri siçan tutmuşdu,
Biri ovdan qalmışdı.
Belə çətin vuruşa
Bəhanə bu olmuşdu.
“Siçan mənim olacaq”, –
Böyük bala öyündü.
“Sənin? İndi baxarıq!”
Kiçik bala deyindi.
“Mənimkidir bu siçan!”
Böyük bala fınxırdı.
“Onu heç vaxt görməzsən!” –
Kiçik bala çımxırdı.
Bu balaca pişiklər
Boğuşdular necə də.
O boranlı, çovğunlu,
O tufanlı gecədə.
Qarı nənə hirsləndi, –
Onları kim ayıra?
Süpürgəylə qovladı
Pişikləri bayıra.
Yeri örtüb soyuq qar,
Onlar hara gedəydi?!
Yoxdu bircə isti yer,
Yazıqlar nə edəydi?!
Asta-asta otağı
Qarı süpürənədək
Həsir üstə qapıda
Büzüşdülər yumaqtək.
Suya düşüb titrəyən
Zəif bir siçan kimi,
Süründülər içəri
Qapı açılan kimi.
Bildilər ki, gözəlmiş,
O tufanlı gecədə
Boğuşmaqdan, döyüşdən
Sakit yatmaq necə də!
29.12.2021