Şeirlər

Nigar Rəfibəyli. Lalə

Lalə günəşlə durur

Lalə günəşlə yatır,

Anasını oyadır,

Atasını oyadır.

 

 

Lalə tezdən oyanır,

Dodağında gülüşü,

Pəncərədən səsləyir

Yuvada yatan quşu.

 

 

Lalə oyanan kimi

Sanki bahar oyanır.

Bağçada əlvan güllər,

Bağda quşlar oyanır.

 

 

 

Dörd yaşına girəcək

Lalə hələ gələn il.

Lalə yatan otaqda

Saat da lazım deyil.

 

 

O, hamını qaldırıb

Səhər tezdən oyadır,

Lalə günəşlə durur,

Lalə günəşlə yatır.