Nağıllar, hekayələr

Yaxşılığı unutmayan suiti

Bir çox illər bundan əvvəl Mənsi Mur, Haknisə yaxın qumlu sahildə balıqqulağı toplayırdı. Birdən daşların arasından qulağına adam iniltisinə bənzər bir səs gəldi. Bəni-insan səsinə oxşayan bu səs hərdən dəhşətli ağrıdan zarıyır, hərdən də inək kimi ucadan böyürürdü. Səs ara-bir zəifləyib elə əzab dolu zarıltıya çevrilirdi ki, sanki ağrı çəkirdi.

 

Əzab dolu bu səsə qulaq asan Mənsi donub yerində qalmış və qəlbi kövrək hisslərlə dolmuşdu. O, bir müddət heç nə görə bilmədi. Sonra qayaların yaxınlığında başını sudan çıxardıb nəzərlərini xeyli aralıdakı xırda körfəzə sarı zilləmiş yekə bir suiti Mənsinin diqqətini cəlb etdi. Mənsi duydu ki, suiti ondan qorxub suya baş vurmur və gözünü körfəzdən çəkmirdi. O irəliləyib qaya parçasının üstünə çıxdı və körfəzin bir küncündə küçükləmək istəyən ana suitinin ağrı çəkdiyini gördü. Başa düşdü ki, bayaqdan səs-küy salıb zarıldayan ana suiti imiş. Ata suiti isə dənizdə uzanıb yoldaşının əzabına tamaşa edirdi.

 

Dayanıb bu mənzərəni seyr edən Mənsi dilsiz-ağızsız heyvanın qatlaşdığı əzabı görüb təəccübləndi. Bir az da dayanandan sonra ana suitinin iki toppuş bala doğduğunu gördü. Sürüyüb daşın üstünə çıxan balalar süd əmmək üçün ana suitinin yanına yaxınlaşdılar. Mənsi fikirləşdi ki, bala suitilərin dərisindən ona əla canlıq çıxar. Odur ki, qaçıb onlara yaxınlaşdı. Biçarə ana suiti cəld daşın üstü ilə sürünüb üzü üstə özünü dənizə atdı. Bala suitilərin ananın dalınca sürünüb dənizə atılmaq ağıllarına gəlmədi. Mənsi irəli şığıyıb bala suitilərin hər ikisini qamarladı. Bunu görən ana suiti balalarından ötrü çox narahat olub vurnuxmağa başladı. Suyu yara-yara sağa-sola üzərək üzgəclərilə baş-gözünə döyəcləyib həşir saldı. Bir az sonra qabaq qollarının köməyi ilə sürünə-sürünə qaya parçasının üstünə çıxıb yazıq-yazıq Mənsiyə baxdı. Onun baxışlarındakı qəlb göynədən dərin kədəri daş da görsə əriyərdi.

 

Ata suiti də narahat-narahat ora-bura üzür, amma Mənsiyə yaxınlaşmırdı. Bala suitiləri qoltuğuna vurmuş Mənsi çıxıb getmək istədi. Bala suitilər Mənsinin paltosunu ağızlarına salıb elə sorurdu ki, elə bil analarının döşlərini əmirdi. Birdən ana suiti insan səsinə bənzər səslə nalə çəkib inildədi. Onun titrək səsindəki hüzn Mənsinin qəlbini parçalayıb ürəyinə rəhm saldı.

 

Dönüb ətrafına baxanda ana suitinin onun yanında uzanıb başını daşın üstünə qoyduğunu gördü. Qəm dəryasına qərq olmuş ana suitinin gözlərindən yaş sel kimi axırdı. Dilsiz-ağızsız heyvana təbiətin bəxş etdiyi bala məhəbbətinin gücü qarşısında artıq tab gətirməyən Mənsi aşağı əyilib bala suitiləri daşın üstünə qoydu. Ana suiti dərhal balalarını üzgəcləri arasına alıb bağrına basdı və dönüb Mənsinin üzünə baxdı. Ah, ilahi, suiti necə bəxtiyar-bəxtiyar baxarmış! Ana suitinin bu halı Mənsinin qəlbini fərəhlə doldurdu.

 

Həmin gün dilsiz ana suiti minnətdarlıq üçün yüz oyun çıxartdı.

 

Bu əhvalatdan sonra Mənsi çox xeyirxah cavan oldu. Bir müddət keçməmiş evlənib özünə ailə qurdu. Hə, əzizlərim, nağıl dili yüyrək olar. İllər ötüb keçdi və Mənsinin uşaqları böyüyüb boya-başa çatdı.

 

 

Mənsi köçüb Edey sahillərində yurd saldı. Bir axşam o, balıq tutmaq üçün bir qaya parçasının üstünə çıxıb dənizə tilov atdı. Qaya parçası hər tərəfdən su ilə əhatə olunmuşdu. Daşın üstündə oturmuş Mənsinin ayaqları suya batırdı. Bir müddət balıqlar tilova yaxın düşmədi. Çırpına-çırpına sahilə çıxan dalğaların suyu geri qayıdanda tilovun taxtası suda batıb-çıxmağa başladı. Mənsi sevincək ayağa durub sahildən asta-asta uzaqlaşan tilovun dalınca addımladı. Bu minvalla tutduğu balıqları zənbilinə bir-bir atan Mənsinin başı bərk qarışdı. Başı ayazıyıb ətrafına nəzər salanda sahildən xeyli uzaqlaşdığını hiss etdi. Hansı yolla qayıdacağını unudub çaşbaş qaldı. Qayıdıb evə getmək istəyəndə dayandığı yerlə sahil arasındakı məsafəyə baxıb özünü itirdi və matı-qutu qurudu. Şirnikib hər şeyi unudan Mənsinin su artıq boğazına çıxmışdı.

 

 

Mənsi vahimə içərisində fəryad qopartdı, nə qopartdı. Ancaq sahildən uzaqlaşıb gözdən itmiş Mənsinin harayını eşidən olmadı. O qədər qışqırdı ki, axırda səsi də batdı. Özünü xilas etmək ümidi ilə çapalayıb suyun üzünə qalxdı və gözləri önündə mənfur ölümün dəhşətli pəncələrindən başqa heç nə görmədi. Getdikcə dərinləşən dənizin suyunda Mənsinin çənəsi görünməz oldu. Xırdaca ləpələrin suyu arabir ağzına dolmağa başladı. Elə bu dəm sanki dəniz Mənsini hop götürüb qayanın üstünə qoydu. Elə bil nəsə pencəyinin boynundan yapışıb onu dik qaldırdı. Hadisədən ağlı bir şey kəsmədi.

 

 

Haraya aparıldığından xəbəri olmadı. Bir müddət sonra ayaqları suyun dibinə toxunan Mənsi suyun dayaz olduğunu gördü və sahilə sağ-salamat çata biləcəyini başa düşdü. Canlı məxluq onu əlindən buraxdı. Mənsi sürünüb sahilə çıxdı. Özünə gəlib geri çevrildi ki, qayıdıb gəldiyi yollara baxsın. Həmin anda Mənsi suyu yapa-yapa qaya parçasına tərəf üzən yekəpər bir suiti gördü. Suiti qaya parçasına yaxınlaşıb başı üstə suya cumdu. Mənsinin balıq zənbilini çıxardıb sahilə doğru irəlilədi. Sürünüb sahilə çıxan suiti

balıqla dolu zənbili ağzında gətirib qumun üstünə qoydu.

 

Mənsi ağzını açıb qəlbən söylədi:

 

- Yaxşılığı itirməyən suitini allah saxlasın.

 

Suiti Mənsiyə elə baxdı ki, sanki danışa bilsəydi, bu sözləri demiş olardı:

 

- Yaxşılıq itməz.

 

Bəli, bu suiti qırx il əvvəl Haknis sahillərində balalayan suitinin özü idi.

 

Mənsi dedi ki, o, bu suitinin nəvazişli baxışlarını harda olsa tanıyardı. İllər ötüb keçmiş, ana suiti qocalıb ömrünün ixtiyar çağına qədəm qoymuşdu, ancaq Mənsinin yaxşılığını unutmamışdı.

 

Əzizlərim, sözümün canı budur ki, kaş hər bir kəs o suiti kimi heç vaxt yaxşılığı unutmayaydı.