Şeirlər

Əhməd Haqsevər. Qozların sayı

İki qoz düşdü

Ağac dibinə.
Asif onları
Qoydu cibinə.

 


Dözməyib yedi

Ən irisini,
Atdı yerinə
O birisini.

 

 

 

Bir müddət keçdi,
Qayıtdı geri.
Baxdı hər yana,
Gəzdi hər yeri.


Bu dəfə Asif
Tapdı dörd dənə.

Onları yerdən
Götürdü yenə.


Gördü ki qozlar
Çox rahat sınır,
Bir anda yedi
Tən yarısını.


Ayırıb Asif
Qalanlarını,
Cibinə qoydu
Qalan yarını.


İndi Siz deyin,
Əziz uşaqlar,
Onun cibində 
Nə qədər qoz var?


Düz hesablayın,
Tələsməyin ha.
Yenə oxuyun,
Sayın bir daha.