Nağıllar, hekayələr

Vüqar Haqverdiyev. Qarınqulu ayı balası

Biri vardı, biri yoxdu, meşədə bir ayı balası vardı. Bu ayı balası yaman acgöz idi, əlinə yeməli nə keçirdi atırdı ağzına, qarnı partlayana kimi yeyirdi. Ona görə də ona qarınqulu deyirdilər.


Bir dəfə Qarınqulu yuxudan oyanıb gördü ki, anası evdə yoxdur. Mətbəxə keçib soyuducunu açdı. İçi dondurma ilə dolu idi. Ağzı sulandı, öz-özünə dedi: “Ooo… gör ana nə qədər dondurma alıb, yəqin axşam qonağımız olacaq?!... Necə də qəşəng və dadlı görünürlər… Birinin dadına baxsam anam bilməz, onsuzda çoxdur”.


Dondurmalardan birini götürüb yedi. Xoşuna gəldi, birini də götürüb yedi. Sonra birini də yedi…Axırıncını götürəndə soyuducunu boş görüb qorxdu: “Ay aman, dondurmalar qurtardı, anama nə cavab verəcəm?!” birdən boğazı göynədi. “Ay aman, boğazım da şişdi, anam bilsə həkim çağıracaq?!” Qarınqulu boğazını tutub İlanın yanına qaçdı.


İlanı görən kimi Qarınqulu zarıdı:


- İlan, ay İlan, kömək elə, çoxlu dondurma yemişəm, boğazım şişib, anam bilsə həkim çağıracaq!


İlan quyruğunu onun boynuna dolayıb sıxdı. Ayı az qaldı boğulsun, boğazını tutub deyinə-deyinə Dovşanın yanına qaçdı.


- Dovşan, ay Dovşan, kömək elə, çoxlu dondurma yemişəm, boğazım şişib, anam bilsə həkim çağıracaq! 


Dovşan ona kələm şirəsi verdi. Ayının ağzı büzüşdü, ürəyi bulandı, gözləri yaşardı, deyinə-deyinə Tısbağanın yanına qaçdı.


- Tısbağa, ay Tısbağa, kömək elə, çoxlu dondurma yemişəm, boğazım şişib, anam bilsə həkim çağıracaq!


Tısbağa dedi:


- Bir dəqiqə gözlə, gedim eynəyimi gətirim boğazına yaxşı-yaxşı baxım!


Tısbağa yerindən tərpənənə kimi Ayının səbri tükəndi, deyinə-deyinə Kirpinin yanına qaçdı. 


- Kirpi, ay Kirpi, kömək elə, çoxlu dondurma yemişəm, boğazım şişib, anam bilsə həkim çağıracaq!


Kirpi ayının boğazına baxıb dedi:


- Anan düz edəcək, bu qədər dondurmadan sonra sənə yalnız həkim kömək edə bilər!


- Yox, mən qorxuram, həkim iynə vuracaq!


Kirpi dedi:


- Qorxma, elə biləcəksən arı sancdı, bir dəfə “uf” edəcəksən, o saat sağalacaqsan!


- Elə bilirsən arı sancanda ağrıtmır?! 

 

- Dostum, mən xəstələnən kimi həmişə həkim gəlir iynə vurur, o dəqiqə sağalıram.


Qarınqulu dedi:


- Kirpi, sən başdan ayağa tikansan, ona görə də iynədən xoşun gəlir, amma mən iynədən qorxuram!


Kirpi dedi:


- Özün bil, həkim gəlib müalicə etməsə, heç nə yeyə bilməyəcəksən, ac qalacaqsan!


- Yox, mən ac qala bilmərəm, çağır gəlsin!


Kirpi bədənindən bir iynə çıxardıb ox kimi atdı. Ox meşə həkimi Kenqurunun qapısına batdı. Həkim işarəni başa düşdü, tez qarnındakı kisəni iynə dərmanla doldurub köməyə qaçdı. 


Həkim gələn kimi xəstənin qızdırmasını ölçdü, kürəyinə, sinəsinə qulaq asdı, boğazına məlhəm bağladı. İynə vurandan sonra Ayının halı düzədi, xəstəliyi keçdi.


- Kirpi, sən dahisən, bundan sonra xəstələnən kimi həkim çağıracam, yaşasın həkimlər! -deyə Qarınqulu sevincindən atılıb - düşdü, həkimə çoxlu təşəkkür elədi.


Həkim gedən kimi Qarınqulu özünü Kirpinin mətbəxinə verdi. Gözü şkafda bir küpə bala sataşdı. Ağzı sulana-sulana dedi:


- Kirpi, bəlkə çayın ola, deyirlər xəstələnəndə balla çay içmək çox xeyirlidir!


Kirpi Qarınqulunun xasiyyətini bilirdi. Ona görə də çay gətirəndə balın yanına balaca mürəbbə qabı da qoydu. Ancaq Qarınqulu küpəni qarmalayıb qabağına çəkdi. Bir fincan çayla balın hamısını yeyib qurtardı. Kirpi həsrətlə boş küpəyə baxıb dedi:


- Dostum, çalış bir də xəstələnmə!


- Kirpi, sən əsl dostsan, sənin məsləhətlərinə həmişə qulaq asacam! - deyə Qarınqulu qolu ilə ağız-burnunu silib getməyə hazırlaşdı. 


Kirpi Ayını yola salanda tapşırdı ki, hər şeyi olduğu kimi evdə anasına danışsın və bir də anadan xəbərsiz gizli iş tutmasın. Qarınqulu Kirpinin dediyinə əməl elədi, hər şeyi olduğu kimi anasına danışdı, anası da düz danışdığına görə onu bağışladı.