Şeirlər

Məmməd Aslan. Qışda

-Çik-çirik-çik!

-Ay sərçəcik,

Civildəmə

İncik-incik.

 

Sular bu gün

Donub bütün.

Qaraltı yox

Qonmaq üçün.

 

 

Hər tərəf ağ,

İtib torpaq

Salxım-salxım

Buzdu bulaq.

 

-Çik-çirik-çik!

-Ay sərçəcik,

Civildəmə

İncik-incik.

 

Aclıq səni

Civildədir.

Qorxma, payın

Cibimdədir.