Görkəmli şəxsiyyətlər

Ernest Seton-Tompson

Ernest Seton-Tompson - Britaniya əsilli kanadalı yazıçı, rəssam, təbiətşünas və ictimai xadimdir. 


14 avqust 1860-cı ildə Britaniyanın Saus Şilds şəhərində anadan olub, lakin Ernestin altı yaşı olarkən ailəsi Kanadaya köçüb. Yazıçı 1896-cı ilə qədər Londonda, Parisdə və Nyu-Yorkda təsviri incəsənət üzrə təhsil alıb, 19 yaşında Toronto İncəsənət Kollecini bitirib.


“Vəhşi heyvanlar, onları nə qədər tanıyıram” (1898), “Ovlananların həyatı” (1901) kolleksiyaları və 8 cildlik “Vəhşi heyvanların həyatı” (1925-1927) əsəri yazıçıya ABŞ və Kanadada şöhrət qazandırıb. 


Ernest şəxsən özü məharətlə hekayələri üçün illüstrasiyalar çəkirdi. Onun rəsmləri dəqiqliyi və ifadəliliyi ilə seçilir. 


Yazıçı şəhər həyatının həvəskarı deyildi və uzun müddət meşələrdə, çöllərdə yaşayıb. 1906-cı ildə Seton-Tompson skautlar hərəkatının yaradıcısı Lord Baden-Pauel ilə tanış olur. Onlar birlikdə təbiətlə harmoniyada yaşamaq, həyat ideologiyasını fəal şəkildə təbliğ edirdilər. Yazıçı həmçinin təbiətdəki oyunlar və həyatla əlaqəli Pioner (Pioneering) təhsil sistemini də inkişaf etdirdi. Seton-Tompson heyvanlar haqqında əsərləri ədəbi janrının xüsusi qollarından biri oldu; o, bir çox heyvan yazıçılarına güclü təsir göstərmişdir.


Ernest Seton-Tompson əsasən heyvanlar haqqında 40-a yaxın kitab yazıb. O, qızıl dərililərin və eskimosların həyatına və folkloruna bir neçə kitab həsr etmişdir. Hinduların həyat tərzi və onların təbiətlə əlaqəsi məlumatlandırıcı avtobioqrafik "Balaca vəhşilər" kitabında öz əksini tapmışdır. Ernest Seton-Tompson həmçinin “Vəhşi ayının bioqrafiyası (1900), “Ağcaqayın qabığı” (1902), “Meşə haqqında Kitab” (1912), “Mənim həyatım” və bir çox başqa kitabların müəllifidir. 


Heyvanlar haqqında yazar, təbiətşünas, heyvan rəssamı və ekoloji təfəkkürün qabaqcılı kimi Ernest Seton-Tompson Şimali Amerika İztanıyan (Pathfinder) hərəkatını yaratdı. O, həm də öz təbiət qoruğunu yaradıb.


Seton-Tompsonun, demək olar ki, hər hekayəsi qəhrəmanlıq hisləri və əməllərinin əks olunduğu bir heyvanın, ya da bir quşun həyəcanlandırıcı həyat hekayəsidir. Yazıçı təbiətə sevgi ilə oxucu qəlbini birdəfəlik fəth edir.


Yazıçı 1946-cı il oktyabrın 23-də Amerikanın Santa Fe (Nyu Meksiko) şəhərində vəfat edib.