Şeirlər

Aleksandr Puşkin. Ruslan və Lyudmila

Tərcümə edən: Məmməd Rahim

 

İTHAF

 

Siz, ey həyatımın şux sultanları!

Gözəllər, qəlbimin mehribanları!

Sizə həsr edirəm sədaqətlə mən

Qızıltək qiymətli xoş zamanımı:

Sizinçün yazıram, tərif güdmədən,

Keçmişdən aldığım bu dastanımı.

Şirin arzulara daim dalaraq,

Bəxtiyar sayaram özümü ancaq

Bu naqis nəğməmi bəlkə də yalqız

Qəlbi eşqə düşən ismətli bir qız

Ya səhər, ya gecə düşəndə firsət

Unudub hər şeyi oxusa xəlvət..