Şeirlər

Rafiq Yusifoğlu. Şəhidlər Xiyabanı

Şəhidlər xiyabanı 
Müqəddəs and yerimiz. 
Mərmər daşlara hopub, 
Bayatımız, şerimiz. 

 

Bizə güllə dəyəndə, 
Bu torpaq yaralanıb. 
Onun sinəsi üstə 
Məzarlar sıralanıb. 

 

Mərdləri qorxutmayıb, 
Namərdlərin gülləsi. 
Hər qəbir azadlığa 
Gedən yolun pilləsi.

 

Əlimizdə qərənfil 
Dilimizdə haqq sözü. 
Bu günahsız millətə 
Kömək olsun haqq özü! 

 

Hər baş daşı çevrilib, 
Şərəf, qeyrət büstünə. 
Bir güllə qoyulubdur 
Hər məzarın üstünə.

 

İgid oğullarımız 
Cərgə ilə keçirlər, 
Məzarların önündə 
Diz çöküb, and içirlər. 

 

Güllələri götürüb 
Döyüşlərə gedirlər. 
Günahsız qurbanların 
Ruhunu şad edirlər. 

 

Şəhid məzarlarından 
Gedən odlu güllələr, 
Düşmənlərin başına 
Alov saçar, kül ələr. 

 

Geri dönər Xocalı, 
Geri qayıdar Şuşa.
Şəhid ruhu şad olar, 
Dönər bir qızıl quşa. 

 

Qarabağ torpağının 
Üstündə uçar, uçar. 
Hamımızın qəlbində 
Arzular çiçək açar.