Mədəni irsimiz

Şuşa abidələri: Şirin su hamamı

Azərbaycanın mədəniyyət paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşa şəhəri tarixi, mədəniyyət və memarlıq abidələri ilə zəngindir. Qədim Şuşada 17 məhəllə, hər məhəllədə hamam, məscid və bulaq olub. Şəhərdəki digər abidələr kimi, qədim hamamlar da erməni vandalizminə məruz qalıb.

 

Şuşanın memarlıq abidələrinin içərisində özünəməxsusluğu ilə seçilən abidələrdən biri də Şirin su hamamıdır. Xan qızı Xurşidbanu Natəvan bu hamamı 1878-1880-ci illərdə Qarabağın zəngin tacirlərindən olan Hacı Rzaqulu bəy Ağakişi bəy oğlu Şəmsiyev ilə birlikdə Bazar başında, Şuşanın Merdinli məhəlləsinin girişində tikdirib. Hamamın layihəsini memar Kərbəlayi Səfixan Qarabaği verib.

 

Hamam həftənin tək günlərində kişilərə, cüt günlərində isə qadınlara xidmət edirdi.

 

Şirin su hamamı Xan qızı Natəvanın hələ 1873-cü ildə Şuşaya saxsı borularla çəkdirdiyi içməli su ilə işlədiyindən Şirin su hamamı adlandırılıb.

 

Hamam ölkə əhəmiyyətli tarixi abidə kimi qeydə alınıb.