Nağıllar, hekayələr

Yevgeniy Permyak. Etibarlı insan

Birinci sinfin birinci partasında cəsur pilotun oğlu Andryuşa Rudakov otururdu. O, güclü və cəsarətli oğlan idi; həmişə zəif olanları müdafiə edir və buna görə də sinifdə hamı onu sevirdi.


Andryuşanın yanında Asya adlı arıq və balaca qız otururdu. Zəif və balaca olmasından başqa, Asya çox qorxaq idi. O, qarşılaşdığı hər itdən, kiçik qazdan qorxurdu, hətta qarışqalar belə onu asanlıqla qorxuda bilirdilər. 


Andryuşanın belə qorxaqla bir partada oturması çox xoşagəlməz idi və o, Asyadan xilas olmaq üçün əlindən gələni edirdi. Lakin, müəllimə onların yerlərini dəyişdirmirdi.


Bir dəfə Andryuşa məkətəbə şüşə qabın içində böyük bir hörümçək gətirdi. Hörümçəyi görən Asyanın rəngi dəyişdi və dərhal qaçıb başqa masanın arxasına oturdu.


Hər şey bundan sonra başladı... İki gün Asya tək oturdu. Müəllimə Anna Sergeyevna iki gün kəlmə belə söyləmədi, lakin üçüncü gün Andryuşadan dərsdən sonra qalmasını istədi. Andryuşa dərhal nə olduğunu təxmin etdi və hamı sinifdən çıxandan sonra, özünü günahkar hiss edib utanaraq müəllimənin yanına yaxınlaşıb dedi:


- Mən hörümçəyi boş yerə gətirməmişdim. Mən Asyaya heç nədən qorxmamağı öyrətmək istəyirdim, amma o, yenə də qorxdu.


- Yaxşı, mən sənə inanıram, - Anna Sergeyevna dedi, - Kim necə bacarırsa, yoldaşlarının böyüməsinə o cür də kömək edir. Mən sənə kiçik bir hekayə danışmaq istəyirəm.


O, Andryuşanı 1-ci partaya, yəni öz yerinə oturtdu, özü isə  Asiyanın köhnə yerinə oturub hekayə danışmağa başladı:


- Uzun illər əvvəl eyni bu sinifdə bir oğlan və bir qız oxuyurdu. Onlar, indi sən və mənim oturduğum kimi eyni parta arxasında otururdular. Oğlanın adı Vova, qızın adı isə Anya idi. Anya zəif, Vova isə güclü və sağlam idi. Anya xəstə olduğundan, Vova ona dərslərini öyrənməyə kömək edirdi. Bir dəfə Anyanın ayağına mismar batdı. Mismar onun ayağını o qədər incidirdi ki, o, məktəbə gedə bilmir, ayaqqabısını  ayağına belə geyinə bilmirdi. Məktəbdə artıq ikinci rüb başlamışdı. Budur, bir gün, Vova Anyanın yanına gəlib dedi: "Anya, səni kirşə ilə məktəbə aparacam."

 

Anya çox sevindi, amma sonra qarşı çıxıb dedi: “Sən nə danışırsan, Vova! Hamı bizə güləcək. Bütün məktəb bizə güləcək ...".

 

Ancaq Vova israrla dedi: "Qoy gülsünlər!

 

O gündən Vova hər gün Anyanı kirşəyə mindirib məktəbə aparıb gətirirdi. Əvvəlcə uşaqlar ona güldülər, daha sonra özləri kömək etməyə başladılar. Yaza qədər Anya sağaldı və bütün uşaqlarla birlikdə növbəti sinfə keçdi. Vova və Anyanın kim olduğunu bilmək istəmirsənsə, hekayəni bununla bitirə bilərəm.


- Onlar kimdir? - Andryuşa maraqla soruşdu.


— Vova böyüdü, tanınmış və sevilən pilot oldu. Bu sənin atan Vladimir Petroviç Rudakovdur. Qız Anya isə indi müəlliməniz - Anna Sergeyevnadır.


Andryuşa gözlərini aşağı saldı. O, gözlərinin qarşısına kirşəni, indi onun müəllimi olan qız-Anyanı və oxşamaq istədiyi atası oğlan-Vovanı gətirdi.

 


Ertəsi gün səhər Andryuşa Asyanın yaşadığı evin qarşısına gəldi. Asya, həmişə olduğu kimi, nənəsi ilə məktəbə yollanırdı, çünki məktəbə tək getməyə qorxurdu.

 


Andryuşa ilk öncə Asyanın nənəsi ilə, sonra özü ilə salamlaşdı. 

 


- İstəsən məktəbə birlikdə gedə bilərik- Andryuşa Asyaya təklif etdi.

 


Qız qorxmuş halda Andryuşaya baxdı, lakin çəkindi. Amma nənə oğlanın gözlərinin içinə baxıb dedi:

 


- Asenka, sənin üçün onunla getmək mənimlə getməkdən daha rahat olacaq. O, itlərə, oğlanlar səni incitməyə icazə verməyəcək. Səni qoruyacaq!

 


-Bəli, qoruyacam!- Andryuşa sakitcə, lakin çox qətiyyətlə dedi.

 


Beləliklə, Andryuşa ilə Asenka birlikdə məktəbə getdilər. Onlar tanımadığı itlərin və fısıldayan qazların, hətta şıltaq keçinin yanından belə keçdilər. Artıq Asya qorxmurdu. Andryuşanın yanında o, birdən özünü güclü və cəsarətli hiss etdi.