Şeirlər

Alməmməd İsgəndərli. Vətən bölünməsin

Gərək vətən bölünməsin
Hissə-hissə, parça-parça.
Gərək vətən satılmasın,
Qoyulmasın o hərraca.


Hər qarışı vətən olsun,
Hər qayası vətən olsun,
Hər kəsəyi, hər bir daşı
Ər oğluna vətən olsun.


Bəzən vətən qərib üçün
Bircə ovuc torpaq olur.
O torpağa son anında
Vətən deyib, baş da qoyur.


Çoxdan düşüb indi dəbə;
Hey ölçülür faiz ilə
Vətən dediyimiz torpaq.
Necə asan gəlir dilə...


Od tutuban yanar indi
Qəbirləri ərənlərin.
Az görürəm vəfasını
“Vətən, vətən” deyənlərin.

 

Var-dövlətə baş qarışıb,
Yox millətin başqa dərdi.
Gecə-gündüz məqsədi bu:
Rüşvət aldı-rüşvət verdi.


Sən kömək ol, ulu Tanrı,
Qaytar mənə şöhrətimi.
Nə olar, sən qurtarginən,
Bu bəladan millətimi.


Bu vətənə sahib duran,
Ər qeyrətli oğul gərək!
Elə oğul, qüdrətiylə
Millətinə olsun dirək.


Harayına qoy hay versin
Milyonlarla vətən oğlu.
Arzusudur hər bir kəsin
Qeyrət yolu, şərəf yolu.