Nağıllar, hekayələr

Mübariz Yunusov. Səhəng içində nə varsa, onu sızdırar...

Rəvayətə görə, qədim zamanlarda sahibinə sadiq, vəfalı bir xidmətçi var idi.
 
 
Bu xidmətçinin iki səhəngi var idi və hər gün bu səhənglərlə sahibinin evinə su daşıyardı. Ancaq səhənglərdən biri çat olduğu üçün suyun yarısı yolda axıb hədər olardı. Ona görə də xidmətçi hər dəfə sahibinin evinə bir səhəng yarım su gətirib çatdırardı. Beləcə, düz iki il xidmətçi bu səhənglərlə su daşıdı.
 
 
Günlərin bir günü çatlaq səhəng bu vəziyyətinə dözə bilməyib xidmətçiyə belə dedi:
 
- Əziz dost, özümü çox pis hiss edirəm və bu halımdan xəcalət çəkirəm, xahiş edirəm, məni bağışla!
 
 
Xidmətçi şəfqətli əlləri ilə səhəngdən yapışıb onu özünə yaxınlaşdıraraq soruşdu:
 
- Səni xəcil edən, utandıran səbəb nədir?
 
 
Səhəng vicdan əzabı çəkərək kədərli bir halda belə cavab verdi:
 
- Çat olduğum üçün yerinə yetirməli olduğum vəzifənin ancaq yansını yerinə yetirə bildim və mənim bu qüsuruma görə sənin də çəkdiyin bütün zəhmətin hədər oldu. Əziyətinin qarşılığını ala bilmədin.
 
 
Xidmətçinin üzündə təbəssüm yarandı, həlim səslə səhəngə dedi:
 
- Əslində, sənin kədərlənməyin üçün heç bir səbəb yoxdur, əzizim. Yəqin ki, hər gün səninlə bərabər qət etdiyimiz yolda çiçəklərin olduğuna diqqət etmisən. Bunun səbəbkarı sənsən. Belə ki sənin qüsurunu görüb yolun sənə aid olan hissəsinə çiçək toxumları əkdim. Hər gün biz bu yolla evə qayıdarkən sən də onları suladın.

 
Mən də bu iki il içərisində hər gün o gözəl, al-əlvan çiçəklərdən toplayıb sahibimin evinə gətirdim. O çiçəklər də onun evinə min bir gözəl qoxular saçdı... Sənin bu qüsurun olmasaydı, mən hər gün sahibimə o gözəl ətirli çiçəkləri apara bilməyəcək və ən önəmlisi, onun hörmətini və sevgisini qazana bilməyəcəkdim...