Şeirlər

Abdulla Şaiq. Çalışan qazanar

Yayda isti bir gün idi, 
Ağaclar çox ölgün idi. 
Göydən yerə od yağırdı, 
Solmaz Eldarı çağırdı: 
-Qardaş, gəl, bağçaya gedək, 
Çiçəklərə bir baş çəkək. 
Çoxdandır su içmir güllər. 
Bəlkə solub qərənfillər. 
Bağçaya getdilər yüyrək, 
Gördülər hər gül, hər çiçək. 
Yerə əyib şax boynunu, 
Yamyaşıl o atlaz donunu. 
Yaman solub-saralıbdır, 
Hamısını dərd alıbdır. 
Eldar qəmləndi bu işə. 
Acıqla baxdı günəşə, 
Dedi: - Günəş, nə yamansan, 
Çiçəkləri solduransan! 
Neçin vurdun bu ziyanı, 
Soldurdun güllü bağçanı? 
Günəş gülümsədi: - “Sağ ol! 
Məndən ziyan gəlməz, oğul! 
Hər şeyə can verən mənəm! 
Qüvvət, ət, qan verən mənəm! 
Bu böhtandır, ay uşaqlar! 
Məndə axı nə günah var? 
Güllər su içmir üç gündür, 
Odur ki, onlar ölgündür. 
Oğlum, hər şey sevir zəhmət, 
Tənbəl ziyan çəkər, əlbət! 
Məndən gəlməmiş bu ziyan. 
Çox qazanar, çox çalışan. 
Zəhmətsiz bal yemək olmaz”. 
Utanaraq Eldar, Solmaz, 
Suladılar çiçəkləri. 
Puç olmadı əməkləri. 
Güllər yenə cana gəldi, 
Bağça ətə, qana gəldi...