Şeirlər

Məstan Günər. Ana

Səndən ötrü qəribsədim,

A saçları yovşan anam.

Yaş ötdü, yaşın hökmünə,

Öyrəşən, uyuşan anam.

 

 

Yeri taxıllı, tənəkli,

Zər naxışlı, gül döşəkli

Göyü göyərçin bəzəkli,

Çöllərə yaraşan anam.

 

 

 

 

Sellər ilə süpürləşən,

Çətin günlərdə kürləşən,

Göyçək əli kömürləşən, 

Birçəyi qarlaşan anam.

 

 

Fikirli yatsa gecələr-

Yuxusunu qatsam əgər,

Gördüyünü səhər-səhər,

Sulara danışan anam.

 

Nə inciyən, nə kin bilən;

Ürəyini tez-tez silən,

Ağladığı dəmdə gülən,

Küsüb, tez barışan anam.

 

 

Yola çıxar köç görəndə,

Uçmaq istər quş görəndə,

Qollarını boş görəndə,

Hərdən qubarlaşan anam.