Şeirlər

Zahid Xəlil. "2" əhvalatı

Bir buna bax, buna bax,
İki yumrubaş çomaq
Dayanıbdır üz – üzə,
Onlar söyləyir bizə:
- Baxın, iki çomağıq,
Biz ki, yekə çomağıq.
Ayrılsaq bir olarıq
Lap tək - tənha qalarıq.
İlana bax, ilana,
Görən gedir hayana?
Çomaqları görəndə
İstədi qaça ilan.
Gözləri qara nöqtə,
O dili haça ilan.
Dərisi qıpqırmızı,
Qıvrılıb gedirdi o.
Çomaqlar elə bildi,
Qırmızı kəndirdi o.
Başını dik qaldırıb
Əydi üstdən aşağı.
Quyruğunu qatlayıb
Durdu “2” sayağı. 
Dedi ki, “2” yəm mən
Çomaqdan yekəyəm mən 
Uşaqlar, fikir verin
Nə danışır bu qoçaq?
- İki çomaq toplansa
Bircə ilan olacaq?
Eşidib bu sözləri
Çox hirsləndi çomaqlar.
İlanın üzərinə
Hücum çəkdi qoçaqlar.
Qırmızı kəndir ilan
Görəndə çomaqları
Başını dik qaldırıb
Qaçdı meşəyə sarı.