Şeirlər

Alməmməd İsgəndərli. Ad qoyuruq

Ad qoyuruq hər dünyaya gələnə,
Adı ilə kaş boyüsün, - deyirik.
Hər adın da taleyi var, sən demə,
Düşər olur, düşməz olur, bilmirik.

 


Ad bostandır, ataların sözüdür,
Biri səndə, biri məndə, fərqi yox.
Ad üstünə ad gələndə həyatda,
Yaxşı olur, ya pis olur, fərqi yox.

 


Elə ad var, tarixlərə yazılır,
Yüz illərlə, min illərlə yaşayır.
Ad da var ki, neçə yerə yozulur,
Kimlər onu nə layiqlə daşıyır.

 


Gəl düşünək, körpəyə ad qoyanda,
Vaxt gələndə, nöqsanımız olmasın.
Göyə qalxsın kaş şöhrəti, ad-şanı,
Yerə düşüb ayaq altda qalmasın...