Bu maraqlıdır!

Zərgərlik sənəti

Dekorativ-tətbiqi sənətin ən qədim növlərindən biri də zərgərlikdir. Keçmişdə belə hesab edirdilər ki, zərgərlik məmulatları sehrli, özünəməxsus rəmzi mənaya malikdir. Bu məmulatlar eyni zamanda sahibinin cəmiyyətdəki mövqeyini də bildirirdi.

 

Şumer sənətkarları qədim dünyanın ən mahir zərgərləri idi. Onlar yaratdıqları məmulatlara “üç rəng”in uyğunluğunu tətbiq edirdilər:

göy rəng - lacivərd daşından, qırmızı rəng - qırmızı əqiqdən və sarı rəng - qızıldan alınırdı.

 

Qədim Misir zərgərləri ən çox qiymətli, yaxud yarımqiymətli təbii daşqaşlardan - malaxit, lacivərd, yəşəm (yaşma), əqiq və firuzədən istifadə edirdilər. Qədim misirlilərin ən nəfis bəzəklərindən biri - pektoral sayılırdı. Pektoral sinədən asılan bəzək əşyasıdır.

 

Misir sənətkarları bəzəklər üzərində rəmzi məna daşıyan naxışların rəng ahənginə daha çox diqqət yetirərdilər. Qədim Misirdə rənglər və onların simvolik mənası belə idi: qara - torpaq rəngi və həyat simvolu; yaşıl - papirus rəngi və əbədi gənclik simvolu; qırmızı - səhra rəngi və sonsuzluq simvolu.

 

Qiymətli daş və metallardan hazırlanan məmulatların adına qədim yunan mənbələrində də rast gəlinir. Yunanlar zümrüd, ametist, yaqut və mirvari kimi qiymətli daşlardan istifadə etməklə müxtəlif formalı zərgərlik əşyaları yaradırdılar.

 

Qədim yunan mədəniyyəti ilkin inkişaf mərhələsində Qədim Misir mədəniyyətinin təsiri altında idi.

 

Azərbaycanda zərgərlik sənəti qədim və zəngin ənənələrə malikdir. Bizim dövrümüzə gəlib çatmış çoxsaylı bəzək əşyaları qədim Azərbaycan zərgərlərinin yüksək sənətkarlıq səviyyəsinin göstəricisidir. Xalqımıza məxsus bəzək əşyaları qadın geyim dəsti ilə bilavasitə əlaqəli idi. Zərgərlik əşyaları geyimi tamamlayır, milli çalarları artırır, geyimə bədii dolğunluq və estetik gözəllik verirdi.

 

Tanış olun

 

Qarasavad
Döyülmüş hamar gümüş səth üzərində cızma üsulu ilə rəsm çəkilir, sonra o, qara məhlulla örtülür.

 


 

Zərbetmə
Zərgərlikdə - qızdırılmış metalı xüsusi çəkiclərlə döyərək lazımi formaya salmaq üçün mexaniki emal üsulu.

 


Minaçılıq
Oyulmuş naxış forması rəngli mina (şir məhlulu) ilə doldurulur. Azərbaycan minaçılıq sənətində ən çox açıq-çəhrayı, yaşıl, göy, firuzəyi, qara və qırmızı rənglər işlədilir.


 

 

İnkrustasiya (xatəmkarlıq)
Hər hansı bir səth üzərinə müxtəlif rəngli və xassəli materialın birləşdirilməsi ilə bəzədilmə texnikası. Zərgərlikdə qiymətli daş metal formaya və ya səth üzərində açılmış oyuğa qoyularaq bərkidilir, metal isə səthə qaynaq edilərək birləşdirilir.

 


 

 

Basma
Metal təbəqə üzərində relyefli naxışın həkk edilməsi.
Metal təbəqə qabarıq naxışlı qəlib üzərinə qoyulur və döymə üsulu ilə qəlibin naxışı təbəqəyə köçürülür.

 


 

 

Şəbəkə (hörmə)
Zərgərlikdə nazik dolama simdən düzəldilmiş rəsmə və yaxud naxışlara şəbəkə deyilir. Şəbəkə, əsasən, iki şəkildə olur: qızıl və gümüş tellərlə zərgərlik əşyası hazırlanır və ya üzəri bəzədilir.

 

 

Qədim zinət əşyaları zərgərlik sənətinin inciləri sayılmaqla yanaşı, ustad sənətkarların yüksək məharətindən xəbər verir.