Şeirlər

Ləman Həsənli. Qobustan

Qobustanı gəzirəm
Babaların iziylə.
Qobustanı görürəm
Balaların gözüylə.

 

Rəsmlərə baxıram:
Ovçular ov axtarır,
Balıqçı qayığını
Xəzər dalğalandırır.

 

Rəqs edən insanların
Əksi var qayalarda.
Vətənim burdan alıb
Odu da, alovu da.

 

Gözləyirəm yenə də
Səslənsin qavaldaşı.
İstəyirəm, dillənsin
Elimin daş yaddaşı.