Nağıllar, hekayələr

Asiyə Aslanər. İlbizin çanağı

Biri var idi, biri yox idi. Bir İlbiz var idi. İlbiz həmişə qəhvəyi çanağını belində daşıyırdı. Bu da onun heç xoşuna gəlmirdi. Elə hey dostlarına şikayətlənirdi:

 

- Ah, çanağımı belimdə daşımaqdan yorulmuşam. Bu nə çanaqdır?! Heç bəzəyi də yoxdur.

 

Günlərin bir günü Kəpənək dedi:

 

- Bilirsən, meşədə rəssam Tırtıl yaşayır. Gəl onun yanına gedək. O sənin çanağını istədiyin kimi rəngləyər.

 

İlbiz bu xəbərə sevindi. Birlikdə yola çıxdılar. Tırtılın evinə gəlib çatdılar. Tırtıl İlbizin çanağını rəngarəng naxışlarla bəzədi.

 

İlbiz al-əlvan çanağını bəyəndi.

 

Dostlar geri qayıdırdılar. İlbiz çox yavaş hərəkət edirdi. Birdən güclü yağış yağmağa başladı. Leysan Kəpənək və Parabüzəni tamamilə islatdı. İlbiz isə sakitcə çanağına çəkilib yağışın kəsməyini gözlədi. Yağış kəsdikdən sonra İlbiz su içində büzüşmüş dostlarını gördü.

 

Öz-özünə düşündü:

 

- Yaxşı ki, məni qoruyan çanağım varmış.