Nağıllar, hekayələr

Mətanət Ulu Şirvanlı. Günəş bizim dostumuzdur

Balaca, ağ çobanyastığı gülü Günəbaxanı çağırdı:


– Günəbaxan xala, ay Günəbaxan xala...


Günəbaxan başını aşağı əydi, səsin haradan gəldiyini bilmək istədi. Elə bu zaman çobanyastığı ona əl etdi.


– Sizi çağıran mənəm.


Günəbaxan onun üzünə gülümsədi.


– Bəli, çiçək qızım, nə buyurursan?


– Günəbaxan xala, olar, siz boyamagülünə acıqlanasınız?


– Niyə ay çobanyastığı, o sənə neyləyib ki? – Günəbaxan soruşdu.


Çobanyastığı ağlamsındı;


– Boyamagülü gah mənim başıma qapaz vurur, gah da saçlarımı yolur. Bir bax, mənim ləçəklərimi yolub, töküb yerə. 


Günəbaxan gərilib yerə baxdı. Doğrudan da, çobanyastığının ağ ləçəkləri yerə tökülmüşdü. Günəbaxan hirsləndi. Çobanyastığının başı üzərində bitən, hərdən də lovğa-lovğa yırğalanan Boyamagülünü çağırdı:


– Ey, sən, lovğa Boyamagülü, çobanyastığına niyə qapaz vurursan? Bəyəm bilmirsən ki, mən buradayam?!


Boyamagülü təəccüblə:


– A...a...a kim, mən?


– Guya bilmirsən, özünü tülkülüyə vurma, əlbəttə ki, sən!


– Siz nə danışırsız, Günəbaxan xanım, mən çobanyastığını niyə döyməliyəm ki?! Əsla, ola bilməz!


– Bəs buna nə deyəcəksən?! – ləçəklərini yolub yerə tökmüsən.


Elə bu an çobanyastığı ağladı və dedi:


– Sən yalançı Boyamagülü, o sən deyildinmi, bayaq başıma qapaz vurdun?!


– Yox, a..a nə danışırsız. Vallah külək etdi. Bir bura bax, əllərimi nə qədər yanımda saxlasam da külək bir o qədər mənim əl-qolumu sağa-sola yelləyir.


Yəqin belə vaxtda olub. Məndən incimə, Çobanyastığı. Mən dünən hələ səni qoruyurdum, heç sənin özünün xəbərin belə olmadı.


Günəbaxan soruşdu:


– Necə yəni?


Boyamagülü:


– Günəbaxan xanım, çobanyastığı mənim gövdəmin altında bitib, elədir? 


– Elədir, – deyə onun sözünü təsdiqlədi Günəbaxan.


– Dünən yağış mənim başıma-başıma o qədər döydü ki... Amma mən başımı yana əymədim ki, birdən çobanyastığı məndən inciyər ki, niyə məni isladırsan.


Amma yarpaqlarımla yağışın suyunu onun ətəklərinə töküb, onu yaxşıca su ilə doyuzdurdum. Yağış başıma o qədər döyüb ki, başım hələ də ağrıyır.


Günəbaxan:


– Nə deyirsən, indi də yağış və küləklə dalaşaq?!


– Yox, elə demək istəmədim. Bir azdan Günəş çıxacaq. Bizi isidəcək. O zaman külək də, yağış da çıxıb gedəcək. Günəş bizim dostumuzdur axı!


Bu söz Günəbaxanın xoşuna gəldi. Üzünü göyə tutub:


– Bəli, Günəş bizim dostumuzdur, dedi. Elə bu zaman Çobanyastığı sevincək əl çaldı.


– Ura! Dostumuz Günəş gəldi, - deyə hay-həşir saldı. Buludların arasından görünən Günəş gülümsədi və onlara əl etdi.


Günəbaxan, Boyamagülü və Çobanyastığı; üçü də xor səslə:


– Günəş bizim dostumuzdur! - dedilər.