Bu maraqlıdır!

İlk hesablama cihazını kim icad edib?

XVII-ci əsrdə intellektual inkişaf riyaziyyatda yeni zirvələrə və kəşflərə səbəb oldu ki, bu da yorulmadan hesablama cihazlarını ixtira edənlərin işini xeyli asanlaşdırdı. 1614-cü ildə şotlandiyalı ilahiyyatçı və riyaziyyatçı Con Neper (John Napier) loqarifmik xətkeşi və loqarifmanı kəşf etdi, vurma əməllərini daha sadə toplama əməliyyatlarına çevirdi. 1617-ci ildə o, vurma cədvəlini yazdı və böyük ədədləri çoxaltmağı asanlaşdırdı. Neperin yaratdığı hesablama işlərini olduqca asanlaşdıran hesab çubuqları ona böyük şöhrət qazandırdı. Bu çubuqların köməyilə toplama və çıxma ilə yanaşı vurma və bölmə əməliyyatlarını da yerinə yetirmək mümkün idi. Bir neçə il sonra Neperin loqarifmləri istifadəsini itirməyə başladı və onun lövhələrinə olan ehtiyac aradan qalxdı.

 

1642-ci ildə Fransada Blez Paskal (Blaise Pascal,1623-1662) adlı on doqquz yaşlı oğlan vergi işçisi olan atasına işində kömək etmək üçün ilk mexaniki hesab maşınını sınaqdan keçirdi. O, böyük ədədləri idarə edə bilən bir-birinə bağlanan dişli çarxları olan bir maşın hazırladı. Ədədlərin üzərində toplama əməliyyatı aparan bu cəmləyici maşın Paskalina (Pascalina) adlanırdı. (Blez Paskalın adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib) Paskalın ixtirası ilk hesablama maşını kimi geniş populyarlıq qazanmışdır. Blez Paskal belə demişdir: "Mən ictimaiyyətə bir maşın təqdim edirəm ki, onunla heç bir səy göstərmədən bütün arifmetik əməliyyatları yerinə yetirə biləcəksiniz və ruhunuz tez bir zamanda yorucu işdən azad olacaqdır."

 

Lakin ilk kalkulyator 1623-cü ildə yəhudi əsilli alman alimi, astronom, riyaziyyatçı və şərqşünas, professor Vilhelm Şikard (Wilhelm Schickard) tərəfindən yaradılmışdır. O, mexaniki kalkulyatorun ixtiraçısıdır. O, Blez Paskalın cəmləyici maşını yaratmasından 20 il əvvəl – 1623-cü ildə ədədlər üzərində hesab əməlləri yerinə yetirən qurğunu icad etmişdir, lakin yanğın nəticəsində bu qurğu sıradan çıxmışdır. Ona görə də Paskal Şikkarddan daha çox şöhrət qazanmışdır. XX əsrin ikinci yarısında İohann Keplerin həyatını tədqiq edən Frans Hammer Şikardın 1623 və 1624-cü illərdə Keplerə yazdığı məktublarda kalkulyatorun iş prinsipini izah etdiyini müəyyən etmiş və bununla da onun Blez Paskaldan 20 il əvvəl kalkulyatoru ixtira etdiyini bəyan etmişdir. Özünün Keplerə yazdığı məktubda qeyd etdiyinə görə, 1623-cü ildə ixtira etdiyi kalkulyator 6 xanaya qədər olan ədədləri toplayıb-çıxa bilirdi. Kalkulyator bacara bilmədikdə səslə bunu istifadəçiyə bildirirdi.

 

Sonrakı dəqiq araşdırmalar və hesablamalar göstərdi ki, Şikardın kalkulyatoru tamamlanmamışdı və əlavə dişli çarxlara və yaylara ehtiyacı var idi. Blez Paskal 300 il ərzində kalkulyatorun yaradıcısı hesab edildiyindən, Vilhelm Şikard çox tanınmır.

 

1673-cü ildə dahi alman filosofu, fiziki, hüquqşünası və riyaziyyatçısı Qotfrid Vilhelm fon Leybnitsin (Gottfried Wilhelm Leibniz) istifadəsi asan olan kalkulyatoru “Arifmometr” Şikardın hesablama maşınını əvəz etdi. Qotfrid Leybnits ikilik say sistemi layihəsinin müəllifi, riyazi analizin banisidir. O, hesab (və ya Riyazi analiz) (Calculus) elmini ixtira etmiş, faktiki olaraq müasir kompüterlərinn əsasını təşkil edən ikirəqəmli hesablama sistemini yaratmışdır.

 

Arifmometrin istehsalını ilk dəfə K.Tomas Paris şəhərində təşkil etmişdir (1821). 1905-ci ildə alman ixtiraçısı K. Qaman Arifmometri daha da təkmilləşdirmişdi: ədədlərin sayğaca verilməsi və hesablama mexanizminin işə salınması əl ilə və ya elektrik intiqalı ilə həyata keçirilirdi. XX-ci əsrin 70-ci illərində ucuz başa gələn və etibarlı işləyən elektron kalkulyatorların meydana gəlməsi ilə Arifmometr öz əhəmiyyətini itirmişdir.

 

1820-ci ildə fransız ixtiraçı və sahibkar Tomas de Kolmarın yaratdığı, dünyada ilk kalkulyator olan arifmometr satışa çıxarılmış və ondan 90 il ərzində istifadə edilmişdir. Arifmometr kütləvi satış üçün nəzərdə tutulmuş ilk mexaniki hesablama maşını idi və insanın kağız üzərində hesabladığından 10 dəfə sürətlə hesablayırdı.

 

Günümüzdə kalkulyatorların bir neçə növü var: sadə, mühəndislik, mühasibat, maliyyə və proqramlaşdırma üçün.

 

Sadə - kalkulyatorlar elementar hesablamaları yerinə yetirir. Onlar gündəlik həyatda və ya ibtidai məktəbdə istifadə olunur.

 

Mühəndislik üçün - daha mürəkkəb hesablamalar aparır. Həm mühəndislər, həm də orta məktəb tələbələri tərəfindən istifadə olunur.

 

Mühasibat üçün kalkulyator - maliyyə ilə bağlı hesablamalar üçün nəzərdə tutulmuşdur. Sadə dillə desək, onlar mühasibat uçotu bacarıqlarının tətbiqinə yönəlib.

 

Maliyyə kalkulyatorunu da mühəndislik kimi təsnif etmək olar, belə ki, əsas profili — maliyyənin hesablanmasıdır.