Nağıllar, hekayələr

Aysel Fazilqızı. Zöhrənin qələbəsi

Gimnastika üzrə beynəlxalq yarış keçirilirdi. Bura dünyanın müxtəlif ölkələrindən gimnastlar gəlmişdilər. Azərbaycanı Zöhrə adlı bir qız təmsil edirdi.

 

Yarışın başlanmasına az qalırdı. Zöhrə çox həyəcanlı idi. Məşqçisi, valideynləri, çoxlu sayda azarkeşləri onu qələbəyə ruhlandırırdılar:

 

- Biz səninləyik, Zöhrə! Bu gün burada Azərbaycanın himnini səsləndir!

 

Zöhrə əlində tutduğu üçrəngli bayrağı öpdü, sonra sinəsinə sıxıb dedi:

 

- Gözəl bayrağım, səni yüksəyə qaldıracağıma söz verirəm.

 

Zöhrənin halqa və lent ilə çıxışları uğurlu oldu. Lakin topla çıxış edərkən ayağı büdrədi, topu yerə saldı. Bu onun balını azaltdı. İndi qızıl medal qazanmaq üçün Zöhrənin sonuncu şansı qalmışdı. Lentlə çıxışda o ən yüksək bal yığmalı idi. O, bütün iradəsini toplayıb məharətlə çıxış etdi. Azarkeşlərin alqışları altında səhnəni tərk etdi.

 

Zöhrə və məşqçisi həyəcanla tabloya baxırdılar. Nəhayət, Zöhrənin adı qarşısında onun balı yazıldı: 10.

 

Məşqçisi Azərbaycan bayrağını Zöhrənin çiyninə saldı və dedi:

 

- Təbrik edirəm. Sən qalibsən!

 

Zöhrə rəqibləri arasında ən hündür kürsüdə dayandı. İdman arenasında Azərbaycan bayrağı himnimizin sədaları altında ən yüksəyə qalxdı.