Nağıllar, hekayələr

Əziz Nesin. Köhnə çul

Bir əcnəbi turist kəndə gəzintiyə çıxır. Yolda bir uzunqulaq görür. Uzunqulağın üstündə milli naxışlı qədim, köhnə bir çul var idi. Belə qədim əşyalar çox qiymətli hesab olunur. Turist çulu almaq istəyir. Ancaq fikirləşir ki, kəndli onu satmaz. Odur ki hiyləyə əl atır.

 

Turist kəndliyə deyir ki, uzunqulağı almaq istəyir. Kəndli təəccüblənsə də, onu satmağa razı olur. Turist çox sevinir. Tez çıxarıb kəndliyə xeyli pul verir. Kəndli uzunqulağın üstündəki çulu götürür və uzunqulağı ona verir. Əcnəbi təşvişə düşür, kəndliyə deyir:

 

- Uzunqulaq zəifdir, üşüyəcək. O köhnə çulu da ver, üstünə ataq.

 

Kəndli qətiyyətlə cavab verir:

 

- Yox! Onu vermərəm. Siz məndən uzunqulağı almısınız, çulu yox. O mənim babamdan yadigar qalıb. Dədə-babadan xatirədir, verə bilmərəm!