Nağıllar, hekayələr

Mətanət Ulu Şirvanlı. Meşə və insan

Qar...qar...qar... edən qarğa hay-həşir saldı və göydə uça-uça ağladı.


Elə bu zaman meşədən tüstü qalxdı. Dalınca da qıpqırmızı alov dilimləri meşənin əl-ətəyini yalamağa başladı.


Tülkü vəkkildədi. Quyruğunu qısıb meşədən qaçdı. Sincab və dələlər ağlamağa və hay-həşir salmağa başladılar. Maral və ceyranlar hürkdülər. Beləliklə, meşədə olan bütün heyvanlar qaçıb canlarını qutarmağa çalışdılar.


Ağaclar yanıb, kül oldu. Meşədən əsər-əlamət qalmadı. Meşənin sakinləri qaçqın düşdülər.


Təkcə maral və qarğa heç hara getmədi. Maral hara gedirdisə qarğa da onunla birlikdə gəzirdi. Çünki qarğa onun buynuzuna qonmuşdu.

Bir gün maral qarğadan bezdi:


– Ey, qarğa, ordasan? – soruşdu.


Qar..qar... edən qarğa: – Burdayam, – deyə cavab verdi.


– Yəni, harda?


– Guya bilmirsən? Sənin buynuzunun üstündə.


– Hə, düz deyirsən, onsuz da qonmağa yer yoxdur. Hara qonacaqdın ki, buynuzumdan başqa. Qarğa, bilirsən nə var?


– Nə var ay maral?


– Daha bəsdi, get başqa yerə qon.


– Məsələn hara? Qar...qar...


– Nə bilim, məsələn, elektirik xətlərinə.


– Qar...r...r vay...vay...qar...r...Deyirsən, məni cərəyan vurub, öldürsün?!


– Mənə nə var! Mənim istəyim buynuzumdan əl çəkməyindir.


– Nə qədər ki, qonmağa yer tapmamışam, o qədər də buynuzunda məskən quracağam.


– Pay atonan, işə düşmədim!- dedi maral.


– Səni kim işə saldı? Qar...r...r...qa...r...r....


– Sən.


– Xeyr. Yaxşı fikirləş. Səni bu əziyyətə salan meşəni yandıranlardır.


– Kimdir ki, onlar, tanıyırsan? Maral soruşdu. Qarğa isə cavab verdi:


– Bəli, tanıyıram. İnsanlardır.


– Sən hardan bilirsən, ay qarğa?


Qar...qar...r...r...


– Mən göydə uçurdum, gördüm ki, iki kişi ocaq qalayır. Onlar ocaq qaladılar, yazıq dovşanı kəsdilər, ocaqda bişirdilər, yedilər. Sonra da ocağı söndürmədən çıxıb getdilər. Mən də çoxlu qarıldadım, onların da qarıltımdan xoşları gəlməyib məni daşladılar.

Maral qaçırdı. Bərk hirslənmişdi. Qarğa isə onun başının üstündə uçur, elə hey soruşurdu?


– Maral bacı, maral bacı, hara qaçırsan? Maral hirsindən cavab vermir, hey qaçır...qaçırdı...


Və birdən qarğa Maralın yaxınlıqdakı kəndə girdiyini gördü. Qorxdu.


– Ey Maral, ora olmaz. İnsanlar bizim üçün təhlükəlidir. Qayıt, qayıt, deyirəm sənə.


Maral isə qayıtmadı. Qarğa ağlamağa başladı.


– Onlar səni kəsib, yeyəcəklər. Bəs mən hara qonacağam, -deyib, qanadlarını göydə şappıldatdı. Maral onu onsuz da eşitmirdi.


Maral kəndə girib qarşısna çıxan ilk qapını ayaqları ilə bərk-bərk döyəclədi....döyəclədi...


Qapını qoca bir kişi açdı. Maral onu qarşısına qatıb, qova-qova meşənin yanan yerinə gətirib, dedi:


– Siz insanlar evimizi yandırdınız. Meşə sakinlərini qaçqın saldınız. Budur, biz evsiz-eşiksiz qaldıq. Meşəni siz insanlar yandırdınız, odur ki, sizlər də yeni meşə salmalısınız.

Yanan meşənin yerində böyük insan axını vardı. Hərə əlində bir fidan gətirib, yanan ağacların yerində basdırırdı.


Yağış yağdı. Fidanları sulandı. Çox keçmədi ki, onlar böyüdülər. Meşə əvvəlkindən də gözəl göründü. Qaçqın düşən heyvanlar öz vətənlərinə qayıtdılar.


Onlar indi də həmin meşədə xoşbəxt və firəvan yaşayırlar.