Nağıllar, hekayələr

Lev Tolstoy. Çöl siçanı ilə ev siçanı

Şəhərdə evdə yaşayan siçan, çöldə tarlada yaşayan siçanın yanına qonaq gəldi. Tarlada yaşayan siçan qonağına yemək üçün noxud və buğda verdi. Ev siçanı yeyib doyduqdan sonra dedi:

 

- Ona görə arıqsan, bir qarnı ac, bir qarnı tox yaşayırsan, gəl yanıma, gör biz necə yaşayırıq.

 

Budur, bir gün çöl siçanı şəhər siçanını ziyarətə gəldi. Bütün gecəni onlar döşəmənin altında gözlədilər. Camaat yeyib-içib dağılışdıqdan sonra,  ev siçanı qonağını aşağı çatdan çıxarıb otağa apardı və hər ikisi stolun üstünə çıxdı. 


Çöl siçanı həyatı boyunca bu qədər çox yemək görməmişdi və nə yeyəcəyini bilmirdi. O, dedi:

 

- Düz deyirsən, siz daha yaxşı, bolluq içində yaşayırsınız. Mən də yaşamaq üçün şəhərə köçəcəm.

 

Elə bunu demişdi ki, stol silkələndi və əlində şam olan bir kişi qapıdan içəri girərək siçanları tutmağa başladı. Siçanlar zorla canlarını qurtarıb, geri çata girdilər.

 

- Xeyr, - tarla siçanı dedi, - Mənim çöldəki həyatım daha yaxşıdır. Baxmayaraq ki, şirin yeməyim yoxdur, amma qorxu nədir bilmirəm.