Nağıllar, hekayələr

Əli Səmədli. İki kitab

Məktəb kitabxanasında çoxlu kitablar var idi. Bunların ancaq birindən sizə söz açacağam. Bu, “Azərbaycan nağılları” kitabı idi. Bu kitabdan iki dənə idi. Eyni ildə buraxılmasına baxmayaraq, biri təptəzə qalmışdı. O birinin isə əzilib sökülmüş vərəqləri cildin arasında zorla dayanırdı. Bu ki tab təzə kitabın yanında dayanmağa belə utanırdı. Heç bunu təzə kitab da istəmirdi. Ona rişxəndlə baxıb tez-tez deyirdi:


– Bir bunun qopub tökülmüş, cırılmış vərəqlərinə bax. Elə bil yüz ilin kitabıdır. Heç yüz ilin kitabı da belə cındır olmur, əl-əl gəzir. Kim səni bu günə salıb?


Əzik kitab inildəyə-inildəyə:


– Məni on iki uşaq aparıb oxuyub, on iki.


Təzə kitab:


– Eh, çox da lovğalanma, – dedi. Məni otuz beş şagird aparıb oxuyub.


Əzik kitab yenə yazıq-yazıq dedi:


- Eh, görünür, sən beşincilərin əlinə düşməmisən. Həmin sinifdə Kamillə Samirin əlinə düşsəydin, məndən də pis günə qalardın. Onların hərəsinin evində mən bir ay qalmışam. Məni hey ordan bura atırdılar, burdan da ora.

Ona görə bu günə qalmışam.


Təzə kitab:


- Görünür, beşincilərin kitabsevərlər dərnəyi yoxdur. Əgər olsaydı, onlar bilərdilər ki, biz kitablar dünyanın ən böyük sərvətiyik. Eyib etməz. Bax sən keç lap birinci cərgədə dur. Uşaqlar bu gün gəlib kitabxanadakı cırılmış kitabları təmir edəcəklər. Qoy səni də görüb, götürsünlər.


Doğrudan da, səhəri gün məktəbin kitabsevərləri kitabxananın cırılmış kitablarını təmir etməyə başladılar. Əzilib vərəqləri tökülmüş “Azərbaycan nağılları” kitabı da onların arasındaydı. Qızlardan biri onu əlinə götürən kimi dedi:


- Bu ki keçən il buraxılan kitabdır. Bunu bu vəziyyətə, görəsən, kim salıb?


Söhbətə kitabxanaçı Solmaz müəllimə gəlib çıxdı. Kitaba baxan kimi dedi:


Bu ancaq beşincilərin işidir. Onlardan bir nəfər də kitabsevərlər dərnəyinin üzvü deyildir.


Bir həftədən sonra kitab təmir edənlər arasında beşincilər də vardı.