Nağıllar, hekayələr

Vüqar Haqverdiyev. Uçan adam

Biri vardı, biri yoxdu, Ayxan adında balaca bir oğlan vardı. Bu oğlan sehrbaz olmaq istəyirdi. 
 
Bir dəfə Ayxanın anası mağazaya getmişdi. Oğlan evdə tək qalmışdı. Birdən qonaq otağından qəribə səslər eşitdi. Ehtiyatla otağın qapısını açdı və çox təəccübləndi. Otaqda Uçan adam var idi, o tərəfə, bu tərəfə uçurdu. 
 
Ayxanı görən kimi Uçan adam dedi:
 
- Mən eşitdim ki, sən sehrbaz olmaq istəyirsən.
 
Uşaq qorxa-qorxa qapının arasından başını yelləyib təsdiqlədi.
 
Uçan adam dedi:
 
- Mən sənə sehrli qüvvə verəcəyəm, ancaq, söz ver ki, ondan ancaq xeyirxah işlər üçün istifadə edəcəksən.
 
Ayxan o dəqiqə söz verdi ki, yalnız yaxşı işlər görəcək. Uçan adam ona sehrli qüvvə verdi və pəncərədən uçub getdi. Uşaq tez ürəyində şokoladlı dondurma istədi. 
 
Bir də gördü ki, stolun üstündə qəşəng bir bağlamada dondurma var. Açıb ləzzətlə yedi. Əmin oldu ki, Uçan adam onu aldatmayıb. 
 
Anası gələndən sonra həyətə düşdü. Sehrli qüvvəsini uşaqlara göstərib öyünmək istədi. Həyət uşaqlarla dolu idi. Kimi top-top oynayırdı, kimi də qaçdı-tutdu. Özü yaşda olan Seymur isə Ayxangilin dəmir qarajlarının qabağında qumdan evcik düzəldirdi. Ondan xoşu gəlmirdi, həmişə sözləşirdilər. Yaxınlaşıb dedi: 
 
- Bizim qarajın ağzında oynama! 
 
Seymur ona fikir vermədi, evciyi düzəltməkdə davam etdi.
 
- Eşitmədin nə dedim? -  Ayxan ayağı ilə vurub evciyi dağıtdı. 
 

Seymur qalxıb davaya hazırlaşanda, Ayxan sehrli qüvvə ilə onu bir neçə dəfə göyə qaldırıb endirdi. Seymurun qorxudan qıvrım saçları biz-biz oldu. Qaçıb güclə canını qurtardı. Digər uşaqlar da aradan çıxdılar.


Ayxan qonşu məhəlləyə keçdi. Gördü ki, həmişə onunla mübahisə edən uzun hörüklü Narıngül skamyada oturub gəlinciklə oynayır. 


Uzaqdan oyuncağı yandırıb külə döndərdi. Yazıq qızın az qaldı qorxudan ürəyi getsin, ağlaya-ağlaya evlərinə qaçdı. 

 

Balaca Ayxan isə lovğa-lovğa sinəsinə vurub dedi:
 
- İndi mənə heç kim heç nə deyə bilməz! 
 
Sonra qollarını açıb göyə qalxdı. Uça-uça maşın yoluna çıxdı. Sürücülər onu görüb özlərini itirdilər. Çoxlu qəza baş verdi. Yolda bütün hərəkət dayandı. 
 

Kənardan Ayxanın hərəkətlərini səbirlə izləyən Uçan adam, nəhayət ki, dözə bilmədi. Başa düşdü ki, uşaq onu aldadıb. Yaxşı işlər əvəzinə, pis işlər görür. Tez onun sehrini əlindən aldı. 

 

Ayxan guppultu ilə yerə dəydi. Əl-ayağı əzildi, üz-gözü göyərdi, ağlaya-ağlaya evlərinə qaçdı. Bundan sonra o, bir daha sehrbaz olmaq istəmədi.